AZ

Britaniya basketbolunda tarix yazan azərbaycanlı məşqçi ilə MÜSAHİBƏ

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ridinq, 5 may, AZƏRTAC

İngiltərənin Milli Basketbol Liqasının I Divizionunda çıxış edən “Ridinq Rokets” komandası mövsümə möhtəşəm nəticələrlə yekun vurub. Kişilərdən ibarət heyət bu il ard-arda üç böyük uğura imza ataraq, yanvarda Milli Kubokunu, martda Federasiya Kubokunu və nəhayət mayda pley-off finalını qazanıb. Bu uğurların arxasında isə Azərbaycan basketbol ictimaiyyətinə yaxşı tanış olan bir sima dayanır - baş məşqçi Samit Nuruzadə.

S.Nuruzadə 2016-2022-ci illər arasında kişi basketbolçulardan ibarət Azərbaycanın millisinin baş məşqçisi olub. O, əvvəllər də (2010–2013) “Ridinq Rokets” klubunda çalışıb və üç il əvvəl yenidən İngiltərəyə qayıdaraq klubun sükanı arxasına keçib.

– Samit bəy, İngiltərəyə gəlişiniz necə baş verdi?

– Mən 25 yaşımda Britaniyaya gəlmişdim, 30 yaşına qədər burada “Mançester Mecik” klubunda oynamışam. Daha sonra zədələr səbəbindən peşəkar karyeramı bitirdim və klubdan mənə məşqçi kimi qalmaq təklif olundu. Beləliklə, 2005-ci ildən məşqçiliyə başladım. Daha sonra bir il İspaniyada işlədim. Sonra yenidən Britaniyaya qayıtdım. 3 il burada “Ridinq Rokets” klubunda işlədikdən sonra Lids şəhərində çalışdım, oradan da Azərbaycana getdim. 2016-cı ilin sonundan 2022-ci ilə qədər Azərbaycan milli komandasının baş məşqçisi oldum. Sonra isə yenidən “Ridinq Rokets”dən təklif gəldi və buranı seçdim.

– Bu mövsüm komandanız tarixi nəticələrə imza atdı. Bu barədə nə deyə bilərsiniz?

– Bu komandaya qayıdanda, ilk ilimdə yaxşı heyətimiz var idi, amma nəticə olaraq ciddi uğur əldə edə bilmədik. Keçən il artıq daha iddialı idik, iki final oynadıq, lakin hər ikisində uduzduq. Bu mövsüm isə hər şey tam fərqli oldu. Üç müxtəlif turnirdə finala çıxdıq və onların hər üçünü qazandıq. Bu, komanda üçün çox məhsuldar və sevindirici bir mövsüm oldu.

– Basketbola marağınız necə yaranıb? Bu idmana harada və necə başlamısınız?

– Mən Neftçalanın Həsənabad kəndində anadan olmuşam. Sonradan atamın işi ilə bağlı Bakının Qaradağ rayonuna – Sahil qəsəbəsinə köçdük. Orada 53 nömrəli məktəbdə Vahid Əliyev adında basketbol müəllimi var idi. Qardaşım ondan dərs alırdı. Qardaşım məndən 4 yaş böyükdür. Məni basketbola o gətirdi. Beləliklə, basketbola başlamağım məhz onun sayəsində formalaşdı.

– Azərbaycandakı məşqçilik fəaliyyətinizlə bağlı nə deyə bilərsiniz?

– Mən Azərbaycana qayıdanda əsas məqsədim uşaq basketbolunu inkişaf etdirmək idi. Bununla qürur duyuram. Orada olduğum müddətdə uşaq basketbolu, xüsusilə də aşağı yaş qrupları ciddi inkişaf etmişdi. Bu, təkcə mənim deyil, həmin dövrdə çalışan bütün peşəkar məşqçi heyətinin birgə səyi nəticəsində mümkün oldu. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında həm oğlan, həm də qız basketbol komandalarımız qızıl medal qazandı.

– Britaniyada yaşamaq və çalışmaq sizə nə qazandırdı?

– Mən məşqçiliyi burada öyrənmişəm. Basketbol məşqçiliyi baxımından mənim üçün Britaniya bir məktəb olub. Əldə etdiyim bütün nailiyyətlərdə buradakı mühitin, sistemin və təcrübənin böyük rolu var.

– Məşqçilik fəlsəfəniz nədir?

– Mənim üçün əsas dəyərlərdən biri dürüstlükdür. Komandada yalnız yaxşı oyunçular deyil, eyni zamanda düzgün, etibarlı insanlar olmalıdır. Məşq prosesinə və öz biliyimə çox inanıram. Fəlsəfəmi daim oyunçularla bölüşməyə çalışıram, onlara komandanı necə gördüyümü izah edirəm. Şükürlər olsun ki, bu yanaşmanı qəbul edirlər və nəticələr də ortadadır.

– Britaniya ilə Azərbaycan basketbolu arasında hansı fərqləri müşahidə etmisiniz?

– Əsas fərq infrastruktur və klub sayındadır. İngiltərədə 4 divizion var və bu liqalarda 120-dən artıq klub çıxış edir. Uşaq klublarını da bura əlavə etsək, rəqabət inanılmaz dərəcədə yüksək səviyyədədir. Azərbaycanda isə klub sayı nisbətən azdır, bu da təbii olaraq, rəqabəti müəyyən qədər məhdudlaşdırır. İngiltərədə isə həm klub sayı çoxdur, həm də rəqabət olduqca yüksəkdir. Buradakı gənclərin əksəriyyəti gələcək karyeralarını ABŞ-da davam etdirmək, xüsusilə də kollec sistemində oynamaq istəyirlər. Bu seçim təsadüfi deyil, çünki Britaniya ilə ABŞ arasında həm dil, həm də idman strukturu baxımından böyük yaxınlıq var. Sistemin tanış olması, dil baryerinin olmaması gənclərə bu keçidi asanlaşdırır. Onların bu cür motivasiyası, xaricə çıxışa can atması məşqçilər üçün də ayrı bir məsuliyyət yaradır, daim yenilənməyi, öyrənməyi və uyğunlaşmağı tələb edir.

– Gənc azərbaycanlı məşqçilərə və idmançılara nə tövsiyə edərdiniz?

– Hər bir məşqçi və idmançı daim öz üzərində çalışmalı, məşq prosesinə inamla yanaşmalıdır. Basketbolu sadəcə meydançada yox, həm də nəzəri baxımdan izləmək, oyunu analiz etmək vacibdir. Hazırda Azərbaycan Basketbol Liqasında yaxşı səviyyədə oyunlar keçirilir. Həmin matçlara baxmaq, məşqlərə qatılmaq və daim öyrənmək çox önəmlidir.

– Ən böyük motivasiyanız nədir?

– Mən rəqabətcil insanam. Yarışmağı çox sevirəm. Hər bir oyuna qalib gəlmək məqsədilə çıxıram. Amma yalnız udmaq deyil, eyni zamanda yaxşı performans göstərmək də mənim üçün əsasdır. Yaxşı çıxış edəndə qələbə də gəlir. Uduzsan belə, meydanı başıuca tərk edirsən.

– Gələcək planlarınız nələrdir?

– Hazırda “Ridinq Rokets” klubundayam. Başqa ölkələrdən bir-iki təklif var. Amma burada özümü rahat hiss edirəm. Gələcəkdə nə vaxtsa ailəmlə birgə Azərbaycana qayıtmaq istərdim. Valideynlərim, qohumlarım, dostlarımın hamısı oradadır. Bu, mənim üçün çox dəyərlidir.

– Vətəndən uzaqda ən çox nələr üçün darıxırsınız?

– Ən çox Azərbaycanın havası, meyvələri və dənizi üçün darıxıram. Dənizi çox sevirəm. Bakının bulvarı, Xəzərin sahili, milli yeməklərimiz - bütün bunlar üçün həqiqətən çox darıxıram.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr