AZ

“Şəxsiyyət və azadliq: sosial fəlsəfi təhlil” adlı kitab işıq üzü görüb

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə üzrə elmlər doktoru Məmməd Rzayev və fəlsəfə üzrə elmlər doktoru, dosent Qərib Allahverdiyevin birgə müəllifi olduqları “Şəxsiyyət və Azadlıq (Sosial-fəlsəfi təhlil)” adlı kitabda müasir dövrdə şəxsiyyətin mahiyyəti, onun cəmiyyətdəki rolu məsələləri geniş təhlil olunub.

Mia.az xəbər verir ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni çap olunmuş monoqrafiya şəxsiyyət və azadlıq probleminin kompleks sosial-fəlsəfi təhlilinə həsr olunmuşdur. Kitabda, müasir sosial-fəlsəfi kateqoriyalar sistemində şəxsiyyət və azadlığın yeri və rolu, Şərq və Qərb fəlsəfi fikir tarixində bu problemə münasibətin əsas mərhələləri nəzərdən keçirilir.

Müasir şəraitdə şəxsiyyətlə azadlığın qarşılıqlı əlaqəsi, azadlığın fərdi və milli formalarının nəzəri olaraq interpretasiyasını əsas xüsusiyyətləri burada geniş təhlil olunur. Tədqiqatda ölkəmizdə milli müstəqillik şəraitində gedən sosial proseslərin şəxsiyyətin formalaşmasına və inkişafına göstərdiyi təsirin əsas istiqamətləri açıqlanır, vətəndaş cəmiyyəti və hüquqi dövlətin yaradılması prosesində şəxsiyyətin siyasi, iqtisadi və mənəvi fəallığının artdığı, onun azadlıq və məsuliyyətinin yeni səviyyəyə yüksəldiyi fikri əsaslandırılır. Eyni zamanda demokratikləşmə prosesində azadlıq və digər ümumbəşəri dəyərlərin münasibətlərində baş verən yeniliklər ümumiləşdirilir, azadlığın şəxsiyyətin mənəvi zənginləşməsində rolu, əxlaq və hüquq ilə qarşılıqlı əlaqələri aydınlaşdırılır. 

Müasir dövrdə şəxsiyyətin mahiyyəti, onun cəmiyyətdəki rolu və inkişaf mexanizmi cəmiyyətin transformasiyası ilə paralelliyi, totalitar sistemdən demokratik quruluşa, inzibati-amirlik iqtisadiyyatından bazar münasibətlərinə keçid şəraitində, şəxsiyyətin azadlığı, hüquqları, fəallığı və mənəvi-mədəni inkişafı, şəxsiyyətin formalaşması və inkişafını sosial-fəlsəfi kontekstdə araşdırmaq, onun cəmiyyətlə qarşılıqlı təsirini və inkişafını izah etmək kitabın əsas məqsədidir. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, respublikamızın demokratik və hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyi dövrdə yaranan dəyişikliklərin şəxsiyyətin yalnız obyekt deyil, həm də sosial münasibətlərin subyekti kimi tədqiq olunmasını zəruri edir. 

Kitabın I fəslində şəxsiyyətin mahiyyəti və onun fəlsəfi anlayışı təhlil olunub, bu  problemin fəlsəfi və tarixi cəhətdən tədqiqi ilə antik dövrdən müasir dövrə qədər onun təbiəti barədə müxtəlif fəlsəfi nəzəriyyələr təqdim edilir. Burada Aristotel və Kant kimi filosofların yanaşmalarına istinad edilir, şəxsiyyətin yalnız bioloji deyil, həm də mənəvi və sosial varlıq olduğunu göstərilir. 

Kitabın II fəslində şəxsiyyətin cəmiyyətdə yeri və rolu təhlil olunur. Burada şəxsiyyətin ictimai struktura daxil olması və sosial institutlarla qarşılıqlı əlaqəsi ön planda təqdim edilir. Şəxsiyyətin formalaşmasında ailə, məktəb, dövlət və digər sosial institutların rolu vurğulanır.  

III fəsil şəxsiyyətin sosial fəallığı və onun formalaşma amilləri kimi təqdim olunaraq şəxsiyyətin sosial fəallığı və onun formalaşmasında sosial mühit, ailə tərbiyəsi, təhsil və media kimi amillərin rolunu izah edir. Sosial fəallığın təhlilində həm də hüquqi təminatlar və iqtisadi müstəqillik kimi şərtlər də qeyd olunur. 

Kitabın IV fəsli şəxsiyyətin mədəniyyəti və əxlaqi dəyərlərinə həsr olunaraq şəxsiyyətin mədəniyyəti və əxlaqı ilə bağlı məsələləri araşdırıb. Burada mədəniyyətin və əxlaqi dəyərlərin şəxsiyyətin formalaşmasında əsas rol oynadığı göstərilir. Qarabağın azadlığı ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazandığımız  qələbədə əxlaqi dəyərlərin önəmi vurğulanır.

V fəsildə müəlliflər şəxsiyyətin şüurluluq səviyyəsi və intellektual potensialını araşdırır. Burada şəxsiyyətin şüur səviyyəsi və intellektual inkişafı təhlil edilir. Təfəkkür çevikliyi, yaradıcı düşüncə və analitik bacarıq kimi xüsusiyyətlərin şəxsiyyətin yetkinliyinin göstəriciləri olduğu göstərilir. 

Azadlıq  anlayışının müasir dövrdəki interpretasiyalarının təhlil olunduğu VI fəsildə azadlığın yalnız hüquqi deyil, həm də sosial zərurət olaraq təqdim edilir. Burada azadlıq və məsuliyyətin qarşılıqlı əlaqəsi izah edilir və xaos ilə azadlığın qarışdırılmasının təhlükəsi göstərilir.

Monoqrpafiyanın nşvbəti VII fəsli demokratikləşmə şəraitində azadlığın digər ümumbəşəri dəyərlərlə  olan münasibətlərinə həsr olunub. Burada azadlıq və digər ümumbəşəri dəyərlər olan demokratiya, sosial ədalət və humanizm arasındakı qarşılıqlı əlaqə araşdırılır. Demokratiya və azadlığın bir-birini tamamlayan anlayışlar olduğu vurğulanır və sosial ədalət və humanizmin azadlıqla əlaqəsi izah edilir.

VIII fəsildə insanın mənəvi zənginləşməsi kontekstində müəlliflər azadlığı yalnız xarici şəraitin deyil, həm də insanın mənəvi və əxlaqi inkişafı ilə müəyyən olunduğunu vurğulayır, əxlaqi dəyərlərin azadlığa yön verməsinin önəmli olduğu və əxlaqi prinsipləri əks etdirməyən azadlığın anarxiyaya səbəb ola biləcəyi qənaətinə gəlinir.

Azadlığı müasir əxlaq-hüquq münasibətləri səpgisində təhlil edən müəlliflər monoqrafiyanın IX fəslində azadlığın hüquqi və əxlaqi əsasları təhlil edir, bu məsələdə hüquq və əxlaqın bir-birini tamamlaması və azadlığın hüquqla uzlaşdırılması məsələlərini vurğulayırlar. 

Və nəhayət, monoqrafiyanın X fəsli şəxsiyyətin azadlığı və məsuliyyətinə həsr olunaraq burada şəxsiyyətin azadlığı və bu azadlığın məsuliyyətini daşıma qabiliyyəti mərkəzi kimi təqdim edir. Şəxsiyyətin hüquq və məsuliyyət arasında balansı qorumağı vurğulayan fəslin əsas ideyası müasir şəxsiyyətin həm hüquq, həm də mənəvi məsuliyyət daşıyıcısı olmasıdır.

Ümumilkdə monoqrafiya geninişhəcmli əsər olub, ali məktəb tələbələri, elmi işçilər və bütövlükdə şəxsiyyət və azadlıq fəlsəfəsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur. 

Əli  Cabbarov

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
icma.az

1Mənbələr