AFFA daha bir futbol turniri keçirib.
Offsideplus.az xəbər verir ki, AFFA və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkil etdiyi yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində keçirilən turnirdə BDU-nun ayrı-ayrı fakültələrinin komandaları mübarizə aparıblar.
III yer uğrunda keçirilən qarşılaşmada Ekologiya və torpaqşünaslıq fakültəsinin komandası Fizika fakültəsinin komandasını oyunsonrası penaltilər seriyasında məğlub edərək, turnirin bürünc mükafatına yiyələnib.
Final matçında isə Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tarix fakültəsinin komandasına 2:0 hesabı ilə qalib gəlib və kuboku başı üzərinə qaldırıb.
Turnirdə qalib komanda AFFA tərəfindən kubokla, ilk 3 yeri tutanlar isə müvafiq medallarla təltif edilib. Həmçinin müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Mükafatları və kuboku iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər rəsmi şəxslər birlikdə təqdim ediblər.