Ailədə baş verən ölüm hadisəsi həm mənəvi, həm də maddi baxımdan ciddi çətinliklər yarada bilər. Xüsusilə də ailənin əsas gəlir mənbəyi olan şəxsin vəfatı, geridə qalan ailə üzvləri üçün gündəlik xərclərin qarşılanmasında çətinliklər doğura bilər.
Bu səbəbdən bir çox insanın ağlında eyni sual yaranır: rəhmətə gedən həyat yoldaşının aldığı pensiya, ya da pensiya hüququ digər ailə üzvünə, xüsusən də həyat yoldaşına keçə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli News24.az-a açıqlamasında mövcud qanunvericiliyin bu istiqamətdə hansı hüquqları tanıdığını şərh edib:
"Həyat yoldaşını itirən şəxsin onun pensiyasını almaq hüququ var, lakin bu hüquq müəyyən şərtlər çərçivəsində tətbiq olunur. Belə ki, əgər cütlük rəsmi nikahda olubsa və hər iki tərəf pensiya yaşına çatmışdırsa, bu zaman ər və ya arvad öz həyat yoldaşının pensiyasını "ailə başçısını itirməyə görə pensiya" formasında ala bilər. Əgər bu hadisə baş verməzdən əvvəl qadın və kişi ayrılıbsa, bu zaman xanıma həmin pensiyadan heç nə düşmür. Yox əgər hər iki şəxs evlidirsə, kişi və qadın pensiya yaşına çatıbsa və kişi dünyasını dəyişibsə, o şəxsin pensiyası qadına verilə bilər”.
İqtisadçının sözlərinə görə, bu hüquq yalnız qadınlar üçün deyil, kişilər üçün də keçərlidir. Yəni, vəfat edən şəxs qadındırsa, onun pensiyasını da kişi həyat yoldaşı ala bilər.
"Lakin burada vacib bir məqam da var. Əgər vəfat edən şəxsin pensiyası, sağ qalan həyat yoldaşının aldığı pensiyadan yüksəkdirsə, bu zaman onun pensiyasını almaq mümkündür. Əks halda, yəni vəfat etmiş şəxsin pensiyası daha aşağıdırsa, dəyişiklik edilmir və mövcud pensiya ödənişi saxlanılır. Əgər vəfat edən şəxsin pensiyası alacaq olan şəxsin aldığı pensiyadan çoxdursa, o zaman ala bilər”.
Akif Nəsirli qeyd edib ki, rəsmi nikahda olan həyat yoldaşları, hər iki tərəf pensiya yaşına çatmış, sağ qalan şəxsin pensiyasından yüksək olan şəxslər bu hüquqdan yararlana bilər. Lakin ayrılmış (boşanmış) şəxslər bu hüquqdan yararlana bilməzlər
Aqil Qarayev