AZ

Əflatun Amaşovla Bəxtiyar Sadıqovu barışdıra bilmədim... - Rəşad Məcid

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Modern.az saytına ölkə mediasının 150 illiyi ilə bağlı geniş müsahibə verib.

Müsahibənin anonsunu təqdim edirik:

- Mətbuat Şurasının jurnalistlər arasındakı nüfuzu necədir, qurumun dövlət orqanlarına, cəmiyyətə hansısa təsiri varmı?

- Mətbuat Şurası 2003-cü ilin mart ayında Jurnalistlərin Qurultayında yaradılıb. Şura mətbuat-məmur, mətbuat-ictimaiyyət arasında barışdırıcı mövqedən çıxış edir.

Bu təşkilata 19 il Əflatun Amaşov rəhbərlik edib. Mən həmişə demişəm, Əflatun Amaşovun həlim xarakteri, insanlar arasında barışdırıcı münasibət yaratmaq istəyi təsirli olub. Amma bu yaxınlarda Əflatunun xarakterində bir məqam da gördüm: "Xalq qəzeti"nin baş redaktoru olduqdan sonra onunla "Azərbaycan" qəzetinin rəhbəri Bəxtiyar Sadıqov arasında konflikt yaranıb. Söhbət bu qəzetlərin yubleylərinin keçirilməsi və hansının köhnə media orqanlarının varisi kimi qəbul olunması məsələsindən gedir. Onlar uzun müddət Mətbuat Şurasında birlikdə təmsil olunublar, amma indi konflikt yaşayırlar.

Media ilə bağlı bir tədbirdən çıxanda onları barışdırmaq istədim, amma Əflatun barışmadı. Onda mən soruşdum ki, Əflatun, sən bu xarakterlə Mətbuat Şurasına necə 19 il rəhbərlik etmisən?! Düzü mənim üçün pis oldu ki, adi bir mübahisəyə görə onların arasında bu cür münasibət yaranıb. İndi Əflatunun xarakterindəki o məqam yadıma düşdü. Görünür, Mətbuat Şurasının sədri kimi başqa xarakterli olursan, baş redaktor işləyəndə isə dəyişirsən, təmsil etdiyin qəzetin tarixi və nüfuzunu qorumaq istəyirsən. 

Bizə ən çox şikayət qəzetlərin - yazılı mətbuatın dövründə daxil olurdu. İndi demək olar ki, çox az şikayət gəlir. Demək olar ki, qəzetlərdən şikayətlər yoxdur. Şikayətlər də olanda çalışırıq ki, tərəfləri barışdıraq, müsbət münasibət yaradaq. Bu baxımdan ən çox şikayətlər yeni media, sosial şəbəkələrlə bağlı olur. Bəzən heç şikayət olunan saytların ünvanını tapa bilmirik. Onların çoxu heç Mətbuat Şurasının üzvü deyil. Bu cür xaotik vəziyyətlər olsa da, biz müxtəlif tədbirlər vasitəsilə peşə prinsiplərinə əməl edilməsinə çalışırıq. Hansısa mətbuat orqanı barəsində qərar çıxararkən, onu Mətbuat Şurasının saytında yerləşdiririk və peşə davranış qaydalarının prinsiplərinin pozulduğu məqamları göstəririk. İndi Mətbuat Şurasından ictimaiyyət də, vətəndaşlar da çox şey umur. Jurnalistlər elə bilir ki, biz mətbuatın bütün işlərini həll edə bilirik, hamı bizə tabedir. İctimaiyyət də elə bilir ki, biz bütün qüsurların qarşısını ala bilərik, amma almırıq. 

Müsahibənin tam versiyası yaxın günlərdə yayımlanacaq

Seçilən
0
1
modern.az

2Mənbələr