Azərbaycan-Belarus birgə lift yığımı müəssisəsində bu il ərzində birinci mərhələdə 200 ədəd liftin yığılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bu gün keçirilən Azərbaycan-Belarus Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Belarusun "Mogilevliftmash" Səhmdar Cəmiyyəti ilə Azərbaycanın “Vertus Engineering Co” şirkətləri arasında ötən il birgə istehsalla bağlı müqavilə imzalanıb. Lift avadanlıqları sahəsində birgə əməkdaşlıq artıq praktiki mərhələyə keçib”.
O qeyd edib ki, sənaye sektorunda Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıq xüsusilə səmərəli olub: “2007-ci ildən bəri qurulmuş yığım xətləri sayəsində zavodda 14 mindən çox “Belarus” markalı traktor və müxtəlif təyinatlı 3 mindən çox yük avtomobili istehsal olunub. Yaxın zamanlarda istehsal xətti genişləndirilib və yanğınsöndürən avtomobillərin istehsalı da əlavə edilib".
Qeyd edək ki, “Mogilevliftmash” SC sərnişin və yük liftlərinin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşıb, 50 illik təcrübəyə malik olan bir zavoddur. Zavod Belarusda fəaliyyət göstərir və illik 13 min ədəd lift istehsalı ilə bazarda öncül mövqeyə malikdir. Bu əməkdaşlıq Azərbaycanın sənaye təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun liftlərin istehsalı və ixracına yönəlmiş strateji addımların tərkib hissəsi kimi qiymətləndirilir.