Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan bütün insanları – dili, dini və milliyətindən asılı olmayaraq bir bayraq, bir dövlət ətrafında birləşdirən düşüncədir. Bu ideya xalqımızın birliyini, vətənə bağlılığını və dövlətə sədaqətini ifadə edir. Onun təbliği cəmiyyətdə həmrəyliyin, vətənpərvərliyin və milli ruhun güclənməsinə xidmət edir. Azərbaycançılıq ideyasının məktəblərdə, mediada və gündəlik həyatda aşılanması ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı qeyd edib ki, Azərbaycançılıq ideyası xalqımızın milli-mənəvi birliyinin əsasını təşkil edir və bu ideyanın dövlət siyasətinin əsaslarına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır:
"Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq ideyası müasir Azərbaycan dövlətçiliyinin ideoloji sütununu müəyyən edir, milli kimliyin, dilin, mədəniyyətin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə geniş imkanlar açır.
Ulu Öndər öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, "Azərbaycançılıq — bizim milli sərvətimizdir". Onun rəhbərliyi ilə milli dəyərlərimiz təbliğ olunmuş, ana dilimizin dövlət dili statusu Konstitusiyada təsbit edilmiş, təhsil, mədəniyyət və informasiya sahələrində bu ideologiyanın bərqərar olması üçün zəruri addımlar atılmışdır. Ümummilli Liderin gərgin əməyi nəticəsində Azərbaycançılıq yalnız ölkə daxilində deyil, həm də beynəlxalq aləmdə tanınan və qəbul olunan dəyərə çevrilmişdir.
Cənab Prezident İlham Əliyev möhkəm təməllər üzərində formalaşan Azərbaycançılıq ideyasını yüksək zirvəyə ucaltmışdır. Ölkə başçısı İlham Əliyev milli həmrəyliyi, vətəndaş birliyi və tariximizə, mədəniyyətimizə bağlılığı ilə Azərbaycançılıq ideyasını XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirmişdir. Xüsusilə, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycançılıq ideyasının təntənəsi olmuşdur.
Deputat onu da vurğuladı ki, hazırda ölkəmizdə Azərbaycançılığın təbliği istiqamətində ardıcıl işlər görülməkdədir:
"Təhsil proqramlarında milli dəyərlərin tədrisi genişləndirilir, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə milli ruhun güclənməsinə xidmət edən layihələr həyata keçirilir.
Artıq gənclərin milli-mənəvi ruhda tərbiyəsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.
Azərbaycançılıq ideyasının təbliği və onun cəmiyyətin həlledici amilinə çevrilməsi milli birlik və vətəndaş həmrəyliyinin əsasını təşkil edir. Şübhəsiz ki, Azərbaycançılıq ideyasının davamlı xarakter daşıması gələcək nəsillərin milli ruhda formalaşmasına öz əhəmiyyətli töhfələrini verəcəkdir".
Politoloq Tural İsmayılov isə saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycançılıq ideyası ölkəmizdə dil mənsubiyyətindən, etnik kimliyindən asılı olmayaraq xalqın hər bir fərdinin vahid dövlət, dövlətçilik amalları ətrafında birləşməyini özündə ehtiva edir:
"Bizim üçün azərbaycançılıq ideyasının çox böyük mənəvi əhəmiyyəti mövcuddur. Azərbaycançılıq ideyası həm də xalq-dövlət birliyinin ən gözəl və bariz nümunələrindən biridir. Eyni zamanda azərbaycançılıq ideologiyasının uzun illər uğurlu təbliğinin nəticəsidir ki, bu gün Azərbaycan xalqı öz dövləti ilə vahid şəkildə birləşərək bütün məsələlərdə xalq-dövlət birliyinin ən gözəl nümunəsini nümayiş etdirir.
Təbii ki, uzun müddət istər mediada, istərsə də təhsil-tədris sistemində ideyanın təbliği bütövlükdə vətənpərvər gənc nəslin yetişməsinə, ordu quruculuğu və digər sahələrdə bu sahələri yüksək mənimsəmiş peşəkar insanların formalaşmasına səbəb olub. İdeologiyanın təbliği nəticəsində bu gün Azərbaycanın üçrəngli, şanlı bayrağının dalğalandığı istənilən nöqtədə xalqımızın hər bir fərdi böyük uğurlar qazanmağa çalışır. Onlar təmsil olunduqları sahədən asılı olmayaraq — istər idman, istər incəsənət, istər İKT, istərsə də hərb sahəsində — harada ölkəmizi təmsil edirlərsə, Azərbaycanın uğurlarını ən yüksək səviyyədə nümayiş etdirməyə səy göstərirlər.
O baxımdan da azərbaycançılıq ideyasının təbliyi 44 günlük Vətən müharibəsində qazandığımız qələbə və Xankəndidə bir sutkadan da az davam edən antiterror əməliyyatlarının fonunda xüsusi əhəmiyyətə, çəkiyə və dəyərə malikdir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.