AZ

BMU-da Milli Xalça Festivalı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Dizayn kafedrasının təşkilatçılığı ilə 5 May-Xalçaçı Günü ilə əlaqədar Milli xalça festivalı keçirilib.

AzEdu.az xəbər verir ki, Azərbaycan xalça sənətini gənc nəsilə aşılamaq və onlarda qədim sənət növünə sevgi yaratmaq məqsədi daşıyan festivalda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev tədbirin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncam ilə Xalçaçı Günü peşə bayramının təsis olunduğunu deyən rektor milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində dövlətin diqqət və qayğısını nəzərə çatdırıb. Habelə Birinci vitse-prezident Mehriban Əliyevanın  xalçaçılığın yaşadılmasına verdiyi dəyərli töhfələr, onun təşəbbüsü ilə 15 il bundan öncə Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edildiyini bildirib. Xalçaçılığın əsaslarının məşhur xalçaşünas Lətif Kərimov tərəfindən yaradılmasına, onun bu istiqamətdə geniş araşdırmalarına toxunan Yaqub Piriyev xalq sənətimizi yaşatmaq, yeni xalçaçı-rəssamlar nəsli yetişdirmək üçün BMU-da yeni ixtisasın açılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Sonra iştirakçılar festivalda nümayiş etdirilən 100-dən çox eksponat, Azərbaycan xalça sənətinin ilkin yaranma tarixindən günümüzə qədərki mərhələlərlə tanış olublar. Onlar arasında ən qədim sənət növlərindən keçə sənət nümunələri, həsir, xovsuz xalçalardan palaz, kilim, zili, sumax, şəddə, cecim,  Bakı, Şirvan, Qarabağ, Şəki, Quba, eləcə də digər bölgələrə aid xovlu xalça nümunələri, xalça məmulatlarından at çulu, xurcun, məfrəş, örkən və s. qədim xalça alət, o cümlədən dəzgahlar haqqında ətraflı məlumat verilib.

Klassik xalçaların çeşnilərinin və layihələrinin hazırlanması, xalça toxuma prosesinin nümayiş olunduğu festival zamanı iştirakçılar BMU və Azərbaycan Rəssamlıq Akademiyası tələbələrinin çəkdikləri xalça rəsmlərini izləyib, onların fikirlərini dinləyiblər.

Qədim adət və ənənələrimizi əks etdirən məişət, o cümlədən bəzək əşyaları, milli kulinariyamıza aid şirniyyatlar, habelə milli rəqslər və  musiqilərin də yer aldığı festival iştirakçılarda xoş ovqat yaradıb.

Seçilən
0
1
azedu.az

2Mənbələr