AD GÜNÜN MÜBARƏK, AKADEMİYA
Azərbaycan Respublikası Prezidenti 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edbilməsi haqqında sərəncam imzalamışdır.
Azərbaycan elmi qədim, uludu,
Bəxş edib cahana çox dahiləri.
Böyük türk elminin parlaq qoludu,
Xaqan Xaqanidən ta üzü bəri.
Bu elm yüksəldit, elə boy atdı,
Yayıldı sədası Ulduza, Aya.
Böyük kəşflərinə dünya qol atdı,
Məbədtək tanınır Akademiya!
Uzaq ulduqların sorağındadı,
İzləyir, kəşf edir kəhkəşanları.
Yeni tapıntılar marağındadı,
Möcüzə yaradır ötən anları.
Quruda, dənizdə “Qara qızıl”ın,
Yerləri, sirləri kəşf olunubdu.
Qarşısı alınıb qorxunc anların,
Dünya təhlükədən çox qorunubdu.
Qoynunda çalışan elm adamları
Min zəhmət çəkiblər, bəhrəsi çoxdu.
Yusif Məmmədəliyev adlı dahinin,
Elmi kəşflərinin əvəzi yoxdu.
Nizami dühası, Məhsəti şeiri,
Əbədiyyət tapdı öz obasında.
Füzuli qüdrəti, sənətdə yeri,
Ucaldı Tanrıya söz libasında.
Ucalır vüqarla neçə abidə,
Rəngini soldurmur qarlar, yağışlar.
Parisi, Londonu salıb heyrətə,
Memar Əcəmidən qalan naxışlar.
Hər işi dünyəvi, bəşəri işdi,
Müstəqil çağından yoxdu dərd-səri.
Xalqımız bu qədər fəxr etməmişdi,
Kosmik fəzalarda süzür peykləri.
Tükənməz qayğısı Ulu Öndərin
Çatdı imdadına çətin anında.
Tapdı dəyərini möhtəşəm, dərin,
Qalib Prezidentin Sərəncamında.
Sevinc içindədi elm mərkəzimiz,
Saçılır, bərq vurur nur dolu ziya.
Fəxrlə, qürurla söyləyirk biz;
– Ad günün mübarək, Akademiya!
05.02.2025
DAYAN, İNSAN
Bir dəlisov külək əsir,
Axşam əsir, səhər əsir…
Kəsmək bilmir…
əsir… əsir…
Uğultusu, vıyıltısı
Cəhənnəmdən gələn səsdi.
Külək əsir…
adamların,
Düz qamətli ağacların,
Əyilməyən qəddin əyir.
Viran qoyur təbiəti,
Dörd bir yana ziyan dəyir.
Bir səs gəlir,
Ulu səsdi:
– Dəli külək, tərslik etdin,
Daha yetər, daha bəsdi!..
Külək kəsdi!
***
Göy üzündə qara bulud,
Yağış oldu, yağdı, yağdı…
Gur damcılar at oynatdı,
Göy kişnədi, şimşək çaxdı.
Dağ, dərədən axan sular
Bircə anda döndü selə.
Çaylar çıxdı məcrasından
Ağrı, kədər dəydi elə.
Çox canlının viran qaldı
Daldanacaq yuvaları.
Qəm qarışıq ərşə çatdı
Dərdlilərin duaları.
Səs qarışdı damcılara
Qeybdən gələn ülvi bir səs:
–Bəsdi yağdın, bəsdi axdın,
Dayan yağış, dər bir nəfəs.
Daha bəsdi!..
… Yağış kəsdi…
***
Yağış yağmır…
külək əsmir…
Göy üzündən yer üzünə.
İndi daha yerdən göyə,
Göydən yerə alov yağır.
Acgözlərin bədniyyəti
Dönüb olub, qara bulud,
Zəhərini səpələyir
Hardan gəldi, hara bulud.
Göy diksinik, yer titrəyir,
Ölüm saçan mənzərəyə.
Ölür uşaq, qadın… qoca...
Alan yoxdur heç nəzərə.
Od püskürür tanklar, toplar,
Raketlərdi hədəf vuran.
Göy üzündə “at oynadan”
Dronlardı – qorxunc hər an.
Acgözlüyün, dəliliyin
Qoymur yerə, qoymur İnsan!
Qan tökməkdən, can almaqdan,
Doymur insan, doymur İnsan!
Qatilləri kimsə belə
Əbədi məhv edə bilmir.
Quduzlaşıb insan elə
Tanrı dada yerə bilmir.
… Bir səs gəlir, Tanrıdan səs:
Yağış, külək kəsdi bir an.
Ancaq yenə ölüm yağır,
Dayan, insan dayan, İnsan!
20.02.2025
İbrahim Yusifoğlu
XƏZƏRİM
Dəryasına sığışmayan
Mavi gözlü Xəzərim!
Nəğməsini xəfif xəzri,
Pıçıltısını meh yayan
Ləpə sözlü Xəzərim!
Qağayılar gen qoynunda
Qıy vuraraq dalaşarlar.
Çılğın, odlu ehtirasla
Səni qucub, dolaşarlar.
Xoş çağında kövrək quzu,
Sərtləşəndə dəli nərim –
Xəzərim!
***
Səndən uzaq…
Çox, çox uzaq,
Dağ kəndində doğulsam da.
Dar məkanda xəbər-ətər,
Azlığında boğulsam da,
Sozalmayıb sənə baxan
Nur atəşli, gur nəzərim –
Xəzərim!
***
Görüşünə gələnmədim,
Bağlanmışdı quru yolum.
Çox istədim öpəm, qucam
Boynuna çatmadı qolum.
Min olmuşdu dərdim-sərim –
Xəzərim!
***
Dağ, dərədə günüm keçdi,
Hərdən çaşıb yolu azdım.
Ehtiyaclar üzdü məni,
Sənə “Açıq məktub” yazdım:
– Qəzetlərdən oxuyuram,
Sərvətin-varın daşınır.
Utanıram sənə yazam,
Mənim də əlim qaşınır.
Çoxalırdı gileylərim,
Xəzərim!
***
Bir gün gəldim sahilinə
Əllimdəydi söz dərgisi.
Dalğaları coşdururdu
Qayaxanın türk şərqisi.
“Atın məni dənizlərə,
Yalan dünya sizə qalsın!”
Mən də kövrək şeir yazdım
Aramıza körpü salsın:
– Siz dəniz istəyimdən
Qorxmayın bircə an da.
Gözüm yoxdur dənizin
Sərvətində, varında.
Yaşamaq istəyirəm
Mavi dalcalarında.
Bu həyatdan kim necə
Zövq alır, qoyun alsın
Atın məni dənizə,
Bu həyat sizə qalsın!
***
Öz adınla, sərvətinlə,
Çoxlarına göz dağısan.
Öz elinin, öz obanın
Hər anında xoş çağısan,
Heç bir ənam istəmirəm,
Mənə adın-sanın bəsdi,
Məhəbbətim, şeirlərim,
Sənə olan doğma səsdi.
Ləlim-zərin,
dərdim-sərim,
kövrək quzum,
dəli nərim –
Xəzərim!
14.01.2025
İbrahim Yusifoğlu
DARIXDIM,
YAMAN
DARIXDIM
Elə çıxdın ki, qarşıma,
Karıxdım, yaman darıxdım.
Boylanıb baxdım yaşıma,
Darıxdım, yaman darıxdım.
***
Gözlərində sərtlik gördüm,
Al çöhrəndə pərtlik gördüm,
Duruşunda təklik gördüm,
Karıxdım, yaman karıxdım.
***
Dözəmmədim od baxışa,
Tuş gəlmişdimcod qarğışa
Yağan dəli boz yağışa,
Qarışdım, yaman qarışdım.
***
Pərt halımı süzüb keçdin,
Naz-qəmzəni düzüb keçdin.
Ürəyimi üzüb keçdin –
Sınıxdım, yaman sınıxdım.
***
Küskünlüyü təl eylədin,
Kirpiyini ləl eylədin,
Dönüb hələ əl eylədin –
Barışdım, tamam barışdım.
11.11.2021.
MƏN SƏNİ QORUYUB, SAXLAYAMMADIM
Bütün gözəllikdən alsam da ilham,
Neyləyim, hey coşub-çağlayammadım.
Ehtiyac üzümə vursa da eyham,
Mən səni qoruyub saxlayammadım.
***
Həyatda ağrını, dərdi görmüşəm,
Alağı bol olan kərdi görmüşəm,
Zərləri tərs düşən mərdi görmüşəm,
Ardınca hıçqırdım, ağlayammadım,
Mən səni qoruyub saxlayammadım.
***
Sən mənim payızda açan gülümsən,
Pəncərə önündə duran tülümsən,
Bütün olanlara küsmə, gülümsə,
Neynədim, özümə bağlayammajım,
Mən səni qoruyub saxlayammadım.
18.01.2022
DƏRƏ BİLMƏDİM
Ən uzun yollar da sona çatarmış,
Ən isti günlər də dönərmiş qışa.
Şimşəklər oynayıb başı qatarmış,
Ömrümüz tuş gəldi dəli yağışa.
***
Mən ki, kövrək ruhlu kənd oğlanıydım,
Dözməzdim, bir gülün inciməsinə.
Sən keçən keçidə hey boylanardım,
Güvənib qəlbimin ülvi səsinə.
***
Utancaq sevginin utanc sonluğu,
Ağrıya, həsrətə sinə gərmədim.
Qəlbimdə açmamış, tumurcuq solan,
Sevgi güllərini dərə bilmədim.
29.11.2024
DAHA MƏN….
Daha mən… gözəllərə,
Ərklə salam verirəm.
Hər birinə ürəkdən
“Qızım”, “balam” deyirəm.
***
Daha mən… gül-çiçəyi,
Ehtiyatla üzürəm.
“5” alan nəvələrin,
Saçlarına düzürəm.
***
Daha mən… bülbüllərin
Uymuram ədasına.
Alışmışam qartalın,
Qıy vuran sədasına.
***
Daha mən…qovuşmuşam,
Vətənin parasına.
Bir-bir məlhəm qoyuram,
Köksündə yarasına.
***
Daha yerə sığmıram
Gözüm Ulduz, Aydadı.
Gücüm, eşqim tükənməz,
Sevgim dünya boydadı…
05.12.2021.