AZ

Dr.Mehriban Əmirova Özbəkistanda moderator və məruzəçi kimi iştirak edib - FOTO

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Mehriban Əmirova 30 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının Andijan şəhərində keçirilən Andijan Dövlət Tibb İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Profilaktik təbabətdə yüksək innovativ texnologiyaların istifadəsi” mövzusunda beynəlxalq elmi-praktik konfransda moderator və məruzəçi qismində iştirak edib. SİA xəbər verir ki, konfrans çərçivəsində dr.Mehriban Əmirova “Yardımçı reproduktiv texnologiyalarda preqravidar hazırlıq” mövzusunda elmi təqdimatla çıxış edərək, sahə üzrə mühüm məlumat və praktiki təcrübəsini iştirakçılarla bölüşüb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş 70-dən çox alim və mütəxəssis, ümumilikdə isə 140-dan çox təqdimatçı plenar iclaslar, master-klasslar və altı bölmədən ibarət sessiyalarda çıxış ediblər.

“Ana və uşaq sağlamlığı” mövzusuna həsr olunmuş sessiyada müasir tibbin aktual problemləri, yeni elmi yanaşmalar və innovativ texnologiyaların tətbiqi geniş şəkildə müzakirə olunub. Konfransın sonunda Andijan Dövlət Tibb İnstitutunun rəhbərliyi tərəfindən Dr. Mehriban Əmirovaya tədbirdə fəal iştirakına görə təşəkkür məktubu və sertifikat təqdim edilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti Andijan Dövlət Tibb İnstitutunun mama-ginekologiya kafedrasının əməkdaşları və tələbələri ilə görüşərək tədris prosesi ilə yaxından tanış olub, eləcə də Andijan Ana və Uşaq Sağlamlığı Mərkəzində rəhbərlik və aparıcı mütəxəssislərlə görüşərək, mərkəzin şöbələrinin fəaliyyəti ilə tanış olub.

Seçilən
0
sia.az

1Mənbələr