AZ

"Toxunulmazlıq hüququ olan ziyalıya qarşı bu hərəkət təəssüf hissi doğurur" - MÜNASİBƏT BİLDİRİLDİ

Rusiyanın Həştərxan şəhərinə səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibindəki Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Onun Rusiyaya girişinə qadağa qoyulduğu və Rusiyadan Bakıya geri döndüyü bildirilir. SİA mövzu ilə bağlı deputat Anar İsgəndərovun fikirlərini öyrənib.

O bildirib ki, Azər Badamov Milli Məclisin ən fəal üzvlərindən biridir: "Qusar rayonunu təmsil edir. Onu da qeyd etmək lazımdır ki, Azər müəllim həm də Azərbaycan-Rusiya dostluq qrupunun üzvüdür. Yəni Azər müəllimin Rusiya Federasiyası ilə bir parlament üzvü kimi çox sıx əlaqələri var. Təbii ki, mən də təəssüflənirəm. Azər müəllim həm həmkarımdır, həm dostumdur, həm də Azərbaycan Milli Məclisinin üzvüdür. Moskva hava limanında toxunulmazlıq hüququ olan ziyalıya qarşı bu hərəkət təəssüf hissi doğurur. Səbəbləri haqqında, təbii ki, məlumatım yoxdur, bilmirəm. Çünki son illər Azərbaycanla Rusiya arasında bütün əlaqələrimiz geniş inkişaf edir. Hətta bizim Rusiya ilə az qala müttəfiqlik haqqında da sazişimiz var. Amma Azər müəllimə qarşı bu hərəkətin mahiyyətini bilmədiyimə görə yalnız buna təəssüflənirəm. Mən əminəm ki, Rusiya dövləti və Rusiyanın rəsmi orqanları bu barədə ətraflı məlumat verəcəklər. Bu məlumatlardan sonra da bu məsələyə bir də qayıtmaq mümkündür".

Müəllif: Söylü Ağazadə
Seçilən
0
sia.az

1Mənbələr