AZ

İtaliya mətbuatı Makronun Papa seçkisinə müdaxiləsini tənqid edir: Müqəddəslikdə yer axtarmayın!

Romada yeni Papanın seçiləcəyi Konklavın açılışına bir neçə gün qalmış İtaliyanın bəzi mətbu orqanlarında Fransa prezidenti Emmanuel Makrona etiraz bildirilir və ona qarşı qəzəb nümayiş etdirilir. Buna səbəb isə onun Papa seçkisinə müdaxilə etmək istiqamətində addımlar atmasıdır.

AZƏRTAC xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, Fransa prezidenti Romada kardinallarla 2 nahar təşkil edib. Aprelin 25-də təşkil olunan naharda Katolik Dindarları Birliyinin qurucusu Andrea Rikkardi iştirak edib. Aprelin 26-də isə Fransanın Romadakı səfirliyində təşkil olunan naharda Marsel kardinalı Monsenyor Jan-Mark Aveline, Kristof Pyer, Amerika Birləşmiş Ştatlarının apostol nunsiosu Filip Barbarin və Ayaço yepiskopu Fransua Bustiyon iştirak ediblər.

“Il Libero”, "La Verita" və “Il Tempo” kimi mətbuat orqanlarında “Makron Konklavın işinə müdaxilə edir” başlıqlı məqalələrdə Makronun Jan-Mark Avelinenin Papa seçilməsinin təşviqi üçün səylərini artırdığı yazılır.

“Thesocialpost.it” internet saytının məlumatına görə, Fransa prezidentinin aprelin 26-da Papa Fransiskin dəfn mərasimi üçün Romaya səfəri “diplomatik marafon”a çevrilib. “Il Giornale d'Italia” isə yazır ki, E.Makron beş fransız kardinal seçicisindən dördünü toplantıdan daha çox strateji görüşə bənzəyən nahara çağırıb.

Mətbuat orqanları bildirir ki, Fransa prezidentinin ideoloji məqsədləri şübhə doğurmur. Onun kardinal Jan-Mark Avelineni təşviq etmək istəyi ilə “LGBTQ və miqrant tərəfdarı, eləcə də İslamla dialoqa sadiqlik” mövqeyini nümayiş etdirdiyi deyilir. Fransız müstəmləkəçiləri ailəsində doğulan və 1962-ci ildə dörd yaşında sürgünə məcbur olunan Aveline miqrant məsələsinə böyük həssaslığı ilə tanınır.

Bildirilir ki, E.Makron artıq Papa Fransiskin varisi üçün ad təklif edib. Kardinal Jan-Mark Aveline yeni Jan XXIV ola bilər. Məqalə müəlliflərinin fikrincə, Fransa prezidentinin bu istəyi əks nəticə vermək riski daşıyır və Avelinenin uğur şansını məhv edə bilər. Çünki səs verəcək kardinallar Konklavda təzyiqləri qəbul etmirlər. “Əgər o, sevimli kardinalını papalıq taxtına yüksəltməyi bacarsaydı, dərhal beynəlxalq nüfuzunu bərpa edərdi”, - deyə mətbuatda qeyd olunur.

Bununla yanaşı, bildirilir ki, Fransa prezidenti Vatikandakı beynəlxalq diplomatiyası ilə həm də Bolonya arxiyepiskopu Matteo Mariya Zuppinin və ya Vatikanın dövlət katibi Pietro Parolininin seçilməsinə mane olmağa çalışır. Katolik dairələr isə Makronun fəallığını ifrat sağçıların sevimlisi olan Robert Saranın namizədliyini əngəlləmək cəhdi kimi qiymətləndirirlər. Eləcə də vurğulanır ki, Makronun Vatikan işlərində fəal iştirakı müasir Fransada “siyasət və din arasında mürəkkəb əlaqəni” əks etdirir.

Bütün bunların fonunda mətbuatda E.Makrona "Müqəddəslikdə yer axtarmayın!", - deyə tövsiyə olunur.

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr