"Rusiya bütün Ukraynanı istəyir, əgər mən müdaxilə etməsəydim, onlar indi bunun uğrunda savaşardılar..."
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı son günlər bir neçə yaxşı müzakirə apardıqlarını bildirib.
Moderator.az xəbər verir ki, nu barədə o, "NBC News" nəşrinə müsahibəsində bəyan edib.
Məlumatda deyilir ki, Tramp bu barədə nikbin açıqlama verib və bildirib ki, danışıqlar müsbət istiqamətdə gedir.
Danışıqlar və sülhə ümid
Trampdan bu ayın sonunda Səudiyyə Ərəbistanına səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı soruşulub. O, cavabında bu barədə düşünmədiyini, lakin son günlər Ukrayna və Rusiya mövzusunda "çox yaxşı müzakirələr" apardıqlarını deyib. Əlavə detalları açıqlamayıb.
O, bildirib ki, o, Ukrayna ilə Rusiya arasında sülh razılaşmasına yaxınlaşdığına ümid edir. Bununla belə, ABŞ-ın hal-hazırda "münaqişənin bir tərəfinə daha yaxın" olduğunu qeyd edib: "Mən həqiqətən də düşünürəm ki, biz bir tərəfə daha yaxınıq, digəri ilə isə bəlkə də o qədər də yaxın deyilik. Amma görəcəyik. Hansı tərəfə daha yaxın olduğumuzu demək istəmirəm".
"Qırmızı xətlər" və danışıqlardan çıxmaq ehtimalı
Tramp bildirib ki, ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq üçün "çox yaxşı şansı" var, lakin hansı şərtlər altında sülh danışıqlarından çıxacaqları ilə bağlı suala konkret cavab verməkdən yayınıb.
Nəşrin müxbiri Trampdan soruşub ki, hansı məqam onun üçün "qırmızı xətt" olar və nə vaxt "biz danışıqlardan çıxırıq" deməyə qərar verər? Tramp cavabında deyib: "Bilirsən, yəni ola bilər ki, hansısa vaxt bunu deyərəm... Mən deyə bilmərəm... Ola bilsin ki, bu müharibəni bitirmək mümkün deyil".
O, əlavə edib ki, "bu iki adam (Putin və Zelenski), eləcə də bəzi əsgərlər və generallar arasında böyük nifrət mövcuddur". Bununla yanaşı, Tramp vurğulayıb ki, "bu savaşı bitirmək üçün çox yaxşı şanslarımız var".
Müsahibədə ona bu sülhün, xüsusən də ABŞ-ın hərbi və kəşfiyyat məlumatlarının paylaşılmasını tamamilə dayandırması halında baş verib-verməyəcəyi də soruşulub. Tramp bu suala da cavab vermək istəməyib: "Hazırda bu barədə danışmaq istəmirəm. Bu mövzuya toxunmaq üçün hələ tezdir. Bu mübahisəyə girmək istəmirəm".
Tramp və Ukrayna müharibəsi
Tramp daha öncə də bildirib ki, əgər Kreml sülh razılaşmasına doğru getməyə hazır olduğunu sübut etməsə, o, senator Lindsi Qremin Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini imzalaya bilər.
O, həmçinin vurğulayıb ki, Rusiya Ukraynanın yalnız bir hissəsini deyil, bütöv ölkəni istəyir: "Rusiya bütün Ukraynanı istəyir. Əgər mən müdaxilə etməsəydim, onlar indi Ukrayna uğrunda tammiqyaslı müharibə aparardılar. Rusiyaya hal-hazırda işğal etdiyi hissə lazım deyil, onlar bütün Ukraynanı istəyir. Mən olmasaydım, onlar davam edərdilər".