Bakı, 5 may, AZƏRTAC
Kabel oğurluğu İspaniyanın yüksək sürətli dəmir yolu şəbəkəsini xaosa saldıqdan sonra bazar günü axşam və bazar ertəsi səhər on minlərlə insanın səyahət planları pozulub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, paytaxt Madridi Sevilya ilə birləşdirən dəmir yolu xətti boyunca dörd yerdə kabellər oğurlanıb. Uzun bir həftəsonu və İspaniyada qeyd edilən Analar Günündən sonra Madriddən cənuba gedən bir çox səyahətçi stansiyalarda və ya yollarda qalıb.
İspaniyanın nəqliyyat naziri Oskar Puente mayın 5-də səhər saatlarında “Cadena Ser” telekanalına müsahibəsində deyib: “Belə bir əməliyyatdan əldə edilən “iqtisadi mənfəət” onun vurduğu zərərlə müqayisədə cüzidir. Mən bunu oğurluq deyil, daha çox təxribat adlandırardım. Dörd fərqli yerdə çox cüzi dəyərə malik kabellər oğurlanıb. Bu, kifayət qədər koordinasiya olunmuş bir hərəkətdir. Bunu edən hər kəs nə etdiyini dəqiq bilirdi, çünki bura kamerasız bir ərazidir”.
İspaniyanın dəmiryol operatorunun rəhbəri Renfe “X” sosial şəbəkəsində yazıb ki, kabel oğurluğuna əlavə olaraq, başqa bir qatarı elektrik enerjisi ilə təmin edən hava elektrik xəttinin sıradan çıxması nəticəsində tıxac yaranıb.
Renfe, həmçinin Toledo, Puertollano və Əndəlusa gedən sərnişinlərdən gecikmələrə görə yerli vaxtla səhər 8-dən (0600GMT) sonra Madridin Atoça stansiyasına getməmələrini xahiş edib. O, 10,700 sərnişini daşıyan 30-a yaxın qatarın yolun yarısında qapalı vəziyyətdə qaldığını bildirib.