İnsan orqanizmi ətraf mühitdə baş verən dəyişikliklərə olduqca həssasdır. Xüsusilə fəsil keçidləri zamanı hormon səviyyələrində və maddələr mübadiləsində müəyyən dəyişikliklər müşahidə olunur. Yaz fəslinin gəlişi ilə bir çox insanda müşahidə olunan ümumi halsızlıq, yuxu pozuntuları və emosional dəyişikliklər baş verir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-terapevt Müşfiq Əsgərov bildirdi ki, havaların istiləşməsi və təbiətin oyanışı əhvalımızı yaxşılaşdırsa da, bəzi insanlarda narahatlıq yaradır:
"Mart ayının əvvəllərindən başlayaraq halsızlıq, yorğunluq, yuxusuzluq, depressiya kimi əlamətlərdən şikayət edən insanlar az deyil. Buna “Bahar yorğunluğu” sindromu deyilir.
Bu sindromun əsas səbəbləri fəsil dəyişikliyi ilə əlaqədar olaraq orqanizmdə baş verən hormonal dəyişikliklər, anemiya, dəmir, fol turşusu, vitamin B12, vitamin D, maqnezium, kalsium, natrium çatışmazlığı ola bilər. Bu səbəblərin təsirindən əsəbilik, halsızlıq, yorğunluq, işə laqeyd yanaşma, evdən çölə çıxmaq istəyi olmaması, depressiya, özünə diqqətin azalması kimi əlamətlər əmələ gəlir".
Terapevt qeyd etdi ki, “Bahar yorğunluğu” sindromunu aradan qaldırmaq üçün idmanla məşğul olmaq, təmiz havada çox gəzmək, sevdiyi məşğuliyyətlə davamlı məşğul olmaq, dostlarla çox vaxt keçirmək, çoxlu maye qəbul etmək, meyvə-tərəvəzdən bol istifadə etmək lazımdır.
"Bunlardan əlavə, lazım gələrsə, bu sindromun səbəbini araşdırmaq və müalicə olunmaq üçün həkimə müraciət etmək vacibdir", - deyə Müşfiq Əsgərov bildirdi.
Xədicə BAXIŞLI