AZ

Seriallar vasitəsilə bölgələrə turist cəlb etmək olar?

"Kino və ya serial çəkilişləri ölkənin tanıdılması üçün mühüm bir vasitədir". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, dünyada ən çox tanınan ölkələr belə bundan geniş istifadə edir:

"Məsələn, bu gün turizm ölkəsi kimi tanınan ölkələrin bölgələrində çəkilmiş çox sayda yaddaqalan film və ya serial görə bilərik. Bu isə turistlərin diqqətini cəlb edir. Eyni zamanda, turizm bölgələri olmayan yerləri belə seriallar və ya filmlər vasitəsilə reklam edərək diqqət çəkmək mümkündür". 

372751

Ekspert qeyd edib ki, Azərbaycan da dünya praktikasında istifadə olunan bu təcrübədən faydalanmalıdır:

"Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda da kino və ya serial çəkmək üçün bir çox bölgə var. Təbii ki, burada çəkiləcək layihənin ssenarisindən də çox şey asılıdır. Son zamanlarda ölkəmizdə yaxşı baxımlı seriallar çəkilir. 

Hətta onlara xarici ölkələrdən də baxırlar. Ona görə də hesab edirəm ki, rejissorlar serialların kadrlarına Azərbaycanın gəzməli-görməli yerlərini salmaları daha yaxşı olar. Bu, ölkənin tanıdılmasına və turist cəlb etməsinə kömək edə bilər".

Mütəxəssis onu da diqqətə çatdırıb ki, bunun üçün vəsait və dəstək lazımdır:

"Lakin bunları həll edərək bölgələrimizin turizm təbliğatını aparmaq olar. Üstəlik, sırf xarici turist hədəfləmək də lazım deyil. Sözügedən addımları atmaqla hansısa bölgələrə daxili turistlərin marağını cəlb etmək mümkündür. 

Məsələn, serialların bəzi səhnələrini bölgələrə və hətta işğaldan azad olunan ərazilərimizə də salmaq olar. Ən azından daxili turistlər üçün reklam mənbəyinə çevrilə bilər. Ümumiyyətlə, bu sahə turizmlə birbaşa bağlıdır. Bundan doğru istifadə etməklə turistlərin az getdiyi yerləri çəkərək maraq oyatmaq olar".

Pərviz

Seçilən
0
hit.az

1Mənbələr