“Məsələ ondadır ki, ABŞ Çinin Rusiyaya verdiyini vermək gücündədirmi? Xeyr, Amerika bu gücdə deyil...”
“Bəzi şərhçilər belə ehtimallar səsləndirirlər ki, guya Trampın Ukrayna savaşı ilə bağlı bir növ Putini “bunkerdən çıxarıb” legitimləşdirmək siyasəti Rokfeller ailəsinə bağlı Kissincerin Çini Rusiyadan ayırıb çevrəyə almaq layihəsinə uyğundur. Siz necə düşünürsüz?”
Bu sualı ünvanladığımız siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında aşağıdakıları dilə gətirdi:
“Rusiyanı Çindən ayırmaq kimi planın olması barədə müxtəlif versiyalar var. Amma onlar nə dərəcədə inandırıcıdır, deyə bilmərəm. Əslində isə Çini Rusiyadan ayırmaq qeyri-mümkündür. Ona görə ki, Çin və Rusiya bir çox məsələlərdə müttəfiqdirlər. İlk növbədə də iqtisadi baxımdan bir-birindən çox asılıdırlar. Rusiya Çinin istehsalından, sənayesindən, onun iqtisadi potensialından asılıdır. Çünki Rusiya bazarının çox cüzi bir hissəsi Qərb malları üçün əlverişli bazardır. O bazarın mütləq əksəriyyəti isə rusiyalıların alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən Çin istehsalının ümidinə qalıbdır. Odur ki, bu iki dövləti bir-birindən ayırıb uzaqlaşdırmaq qeyri-mümkün olan bir şeydir. Mən hesab etmirəm ki, bu, mümkün olsun. Və Rusiya ilə Çinin bir çox məsələlərdə maraqları üst-üstə düşür. Ancaq, bəli, belə fikirlər səsləndirilir ki, guya Trampın Rusiyanı Çindən ayırmaq istəyi olubdur. Məsələ ondadır ki, ABŞ Çinin Rusiyaya verdiyini vermək gücündədirmi? Xeyr, Amerika bu gücdə deyil. Ən azı ona görə ki, Trampın özünün də etiraf etdiyi kimi, Birləşmiş Ştatlarda istehsal problemi var. İstehsal problemi olduğu halda da bu ölkə heç bir halda Çini əvəzləyə bilməz. Ona görə də. bir daha deyirəm ki,Çini Rusiyadan ayırmaq mümkün deyil. Əksinə, bu istək Rusiyaya geniş manevr imkanları yaradır və o həmin manevrlərdən məharətlə istifadə edir. Bundan haradək yararlana biləcək bu başqa məsələdir. Amma faktiki olaraq hazırda gerçəklik belədir...”
Sultan Laçın