AZ

Putin –Tramp ittifaqı dağılır...


Mətləb Salahov: “Moskvada sanki D.Trampı ağılsız yerinə qoyublar və bu proses gec-tez Rusiyaya qarşı çox güclü və işlək sanksiyalarla nəticələnəcək”

“Hazırda dünya siyasətində Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trama qarşı kələk gəldiyi barədə müzakirələr gedir. Əslində bu məsələdə haqlı da görünürlər. Çünki baş verənlər onu göstərir ki, Rusiya lideri Ağ Ev sahibinə özünə sərf edən şəkildə kələk gəlməklə məşğuldur. Nə Ukraynada atəşkəs var, nə Moskva sülh üçün konkret addım atmayıb, bu azmış kimi, üstəlik son həftələr Ukrayna ərazisini bombalamaqla mülki əhali arasında ciddi tələfata yol açıb. Görünən odur ki, V.Putin milyarder ABŞ prezidentinin səbrini tarıma başlayıb.”

Bu barədə jurnalist-ekspert Mətləb Salahov “Bakı xəbər”ə açıqlamasında deyib. M.Salahov bu qənaətdədir ki, Ukraynada müharibəni dayandırmaq və bu ölkənin təbii sərvətlərini ABŞ-a daşımaq üçün gün sayan D.Tramp, gözləntilərin tam əksinə sülh əvəzinə müharibə alovunu seyr edir. Onun fikrincə Moskvada sanki D.Trampı ağılsız yerinə qoyublar və bu proses gec-tez V.Pitinə olan inamın itməsi, habelə Moskvaya qarşı çox güclü və işlək iqtisadi sanksiyaların işə düşməsi ilə nəticələnəcək. “Nəzərə alsaq ki, hazırda ABŞ-ın əlində Rusiya iqtisadiyyatını çökdürəcək təsir imkanları var, o zaman baş verəcək sanksiya zərbəsi Rusiya üçün Cozef Bayden dövründəkindən qat qat ağır başa gələcək. Bu başqa məsələ ki, Tramp buna nə zaman qərar verəcək. Amma bu baş verəcək. Çünki siyasətə biznes və mənfəət baxımından yanaşan D.Trampın V.Putinin bu siyasi şıltaqlıqlarına dözməsi ağlabatan deyil. Çünki ABŞ rəhbəri Ukraynadakı iqtisadi maraqları üçün operativ işə keçmək üçün səbirsizlənir. D.Tramp artıq Ukraynadakı bir çox sərvətlərin ABŞ-a daşınması üçün rəsmi Kiyevə imza atdırıb. İndi qalır bunun icra edilməsi. Zelenski ilə münasibətləri də əvvəlki kimi gərgin deyil və bu proses V.Putinin əleyhinə işləyir.”

Namiq Quliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr