AZ

Analitik: Hazırda Türkiyə və müttəfiqləri üzərinə böyük səlib yürüşü siyasəti aparılır

Pakistan ilə Hindistan arasında hazırda yaranan problem illər öncədən hazırlanıb

Bugünkü dünyada bəzi ölkələr arasında ciddi gərginliklər yaşanır. Xüsusilə Türkiyə ilə İsrail arasındakı gərginlik Suriyada da özünü göstərir. Türkiyənin yaxın dostu olan Pakistanın nüvə gücünə sahib olması, İsrail və onun tərəfdaşlarını narahat edir. Ona görə də bəzi qüvvələr həm Türkiyənin, həm də Pakistanın qarşısını almaq üçün planlar qururlar. Kəşmir məsələsinin yenidən gündəmə gətirilməsi də bu planların bir hissəsi ola bilər. Eyni zamanda Hindistanın gücləndirilməsi, Ermənistanın silahlandırılması və bölgədə yeni qarşıdurmalar yaratmaq cəhdləri də bu strategiyaya daxildir. Bütün bunlar göstərir ki, dünya böyük dəyişikliklərin astanasındadır və bəzi güclər bu proseslərdən öz xeyirlərinə istifadə etməyə çalışırlar.

Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a açıqlama verib:

"Türkiyə ilə İsrail arasında gərginlik var. Suriyada və digər region ölkələrində əsasən ideoloji maraqlar toqquşur. Suriyada hələ də Türkiyə və İsrail arasında mübarizə davam edir. Pakistan ilə Türkiyə arasında sarılmaz bağlar, ittifaq var. Təbii ki, nüvə dövləti olaraq Pakistanın Türkiyənin yanında olması İsrail üçün arzuedilməzdir. Hazırki manevrlər, Suriyadakı Türkiyə yönlü quruluşu Druzların əli ilə devirmək planı baş tutmasa, İsrail nəzərdə tutduğu planları həyata keçirə bilməsə müharibə də istisna deyil. Bu halda Türkiyənin əsas strateji müttəfiq olan nüvə gücünə malik olan Pakistanı ciddi şəkildə məşğul etmək siyasəti ortaya çıxır. Kəşmir problemi Pakistan yarandığı gündən məqsədli şəkildə yaradılıb ki, bu cür situasiyalarda yenidən istifadə olunsun. Təbii ki, Pakistan ərazisində terrorçu dəstələr yaxud bu adla təqdim olunan qruplar əgər varsa, bu da kənar müdaxilə və məqsədlərə xidmət üçün maraqlı qüvvələrin yaratdığı bəhanə mənbəyidir. Yəni, dünyada müsəlman aləminin iki böyük aparıcı gücə malik olan Türkiyə və Pakistanın üstünə bu cür gedilməsi hər ikisinin başını qatmaq məqsədi daşıyır. Türkiyədə bir qədər əvvəl daxildə çaxnaşma yaratmağa cəhdlər oldu ki, hələ də bu tam nizamlanmayıb. Suriyada Türkiyənin maraqlarının tam əleyhinə işlər görülür. Hindistanın ABŞ və İsrail tərfindən dəstəklənməsi, Pakistanın da Britaniya, Türkiyə tərəfindən dəstəklənməsi əslində qütbləri müəyyən edir. Hindistan uzun müddət idi Ermənistanı da silahlandırırdı. Təbii ki, Fransa da Ermənistanı silahlandırandıranlar arasındadır. Pakistan ilə Azərbaycan və Türkiyəni çox sıx münasibətlər bağlayır". 

Ekspert Ermənistanın silahlandırılmasını da ABŞ və Fransanın Hindistanı təşviq etməsi nəticəsində baş tutduğunu deyib. Qeyd edib ki, Pakistanın özünə və müttəfiqlərinə qarşı cəbhə yaratmaq məqsədilə bu işlər görülürdü: 
"Pakistan ilə Hindistan arasında hazırda yaranan problem illər öncədən hazırlanıb. Bu, birbaşa həlledici müharibə yox, Rusiya və Ukrayna arasındakı kimi üzücü, yorucu və Pakistanın iqtisadiyyatı çökdürməyə yönəlik olaraq nəzərdə tutulub. Çinin Pakistanın tərəfində olması fonunda, ABŞ-nin də Çinə qarşı rəqabətinin qabarıq təzahürlərinin ortada olduğu məqamda bu üzücü müharibə vasitəsi ilə həm Çini proseslərə qataraq müəyyən sanksiyalara məruz qoymaq, həm də Pakistanı zəiflədərək Türkiyəyə real dəstək verə biləcək qüdrətdən məhrum etmək planı var.
Təbii ki, dünya müharibəsini başlamaq yaxud başlamamaq arasında tərəddüdlər var. ABŞ və İsrail ehtimal ki, dünyanın yenidən daha sərfəli şəkildə bölüşdürülməsi üçün bu müharibənin olmasını arzu edə bilər. Ancaq dünyanın lazım olan hissənin Britaniya təsirində olması onu qane etdiyi üçün Avropa üçün arzuolunmaz ola bilər. Hindistanın tərəfində olanlar dünya müharibəsi çıxara bilər. Britaniya coğrafi ərazilərdə müstəmləkə hakimiyyətini siyasi, iqtisadi, ideoloji təsir müstəmləkəsi ilə əvəz edib. Əslində vaxtilə Britaniyanın mandatında olan ölkələr hazırda da onun təsiri altındadır. O isə dünya savaşında maraqlı deyil və Pakistana sona qədər dəstək verəcək".

Müsahibimiz Pakistan və Hindistan arasında savaş çıxarmaq siyasətinin yaxın zamanda iflasa uğrayacağını söyləyib:
"Rusiya və Ukrayna müharibəsindən umduqlarını əldə edə bilməyənlərin Pakistan - Hindistan arasında yeni müharibə yaratmaq niyyətinin baş tutması mümkün görünmür. Çünki Türkiyə və tərəfdarları, müttəfiqləri artıq dünyada proseslərə ciddi təsir etmək və məcranı dəyişə bilmək gücündə və əzmindədir.
Yaxın Şərqdə Türkiyənin üstünlüyü ələ alması qaçılmazdır. Keçmiş Osmanlı ərazilərində Türkiyənin kölgəsini həzm etməyənlərin alternativ yollara cəhd etməsinin real nəticə verəcəyi görünmür.
Təbii ki, bəzi türk dövlətlərinin Avropa İttifaqı tərəfindən Kipr məsələsində Türkiyənin maraqları əleyhinə məruz qalmaları da qeyd olunan məqsədə xidmət edir. Türkiyə və müttəfiqləri üzərinə böyük səlib yürüşünün aparıldığını müşahidə edirik".
Seçilən
0
sherg.az

1Mənbələr