BAKI, 5 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində uşaqlar üçün “açıq qapı günü” tədbiri keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirdə Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Qubadlı rayonu, Çayutmas kənd Texniki təmayüllü məktəb-liseyin kollektivi iştirak edib.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.