Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Gəncləri Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, Gənclər Günü Çində vətənpərvərlik “4 May Hərəkatı”nın başlanmasının ildönümü kimi qeyd olunur. O, müxtəlif anım tədbirlərinin - Çin Kommunist Partiyasının siyasətinə dəstək məqsədilə gənclərin mitinqlərinin, yaradıcı kollektivlərin çıxışlarının, ədəbi-bədii gecələrin, idman yarışlarının, ətraf mühitin mühafizəsi istiqamətində ictimai işlərin keçirilməsindən danışıb.
ADU-nun çinşünas tələbələri Çin xalqının inqilabi mübarizəsinin əsas hadisələri sırasında xüsusi yer tutan “4 May Hərəkatı”nın tarixindən söz acaraq qeyd ediblər ki, 1919-cu il mayın 4-də Pekində Paris Sülh Konfransının qərarlarına etiraz edən tələbələrin nümayişi keçirilib. Bu hərəkat Çin üçün böyük əhəmiyyət kəsb edərək xalqın mədəni və milli şüurunun bir çox məsələsini gündəmə gətirmişdi.