AZ

Avropada terrorizm şübhəliləri arasında yeniyetmələr də var-Qərb ekspertləri həyəcan təbili çalır- ÖZƏL

Avropa ölkələrində, xüsusilə də Avropa İttifaqı məkanında son illər terror xarakterli cinayətlərdə şübhəli və ya ittiham olunan yeniyetmələrin sayında ciddi artım müşahidə olunur. Olaylar.az xəbər verir ki,  "The Wall Street Journal" (WSJ) qəzetinin ekspertlərə istinadən yaydığı məlumatda bildirilir ki, gənclər arasında radikallaşma prosesi təhlükəli tendensiyaya çevrilib və bu problemə kompleks yanaşma tələb olunur.
Londondakı Kral Kollecinin məlumatına görə, 2022-2024-cü illər ərzində Belçikada terrorla bağlı cinayətlərdə şübhəli bilinən və ya ittiham olunan şəxslərin təxminən üçdə biri yeniyetmələrdir. Böyük Britaniyada isə bu rəqəm hər beş nəfərdən birinə aiddir. 2025-ci ildən etibarən Avropada onlarla 14 yaşdan yuxarı yeniyetmə musiqi festivallarına, ticarət mərkəzlərinə və dini ibadət yerlərinə hücum planlaşdırmaqda ittiham edilərək həbs olunub.
Ekspertlərin fikrincə, bu gedişatın əsas səbəblərindən biri sosial şəbəkələrdə ekstremist ideologiyaların misilsiz sürətlə yayılmasıdır. Süni intellektin bu ideyaların yayılmasını daha da effektivləşdirdiyi, eyni zamanda sosial medianın yeniyetmələr üzərində təsirinin gücləndiyi vurğulanır. Qəzet yazır ki, Qəzza sektorundakı müharibə kimi cəmiyyətdə böyük rezonans doğuran hadisələr də bu tendensiyanı gücləndirir. Kral Kollecinin təhlükəsizlik üzrə professoru Piter Nyumanın sözlərinə görə, 2023-cü ilin 7 oktyabrında İsrailə qarşı həyata keçirilən hücumdan sonra 8 ay ərzində Avropa ölkələrində terrorizm şübhəsi ilə saxlanılan şəxslərin təxminən üçdə ikisi yeniyetmələr olub. Ümumilikdə isə 2023-2024-cü illər ərzində Avropada baş verən uğurlu terror aktlarının sayı iki dəfə artaraq 67-yə çatıb.
Maraqlıdır ki, ekspertlər ekstremist ideyaların onlayn mühitdə bir-biri ilə qarışdığını bildirirlər: bəzi ağdərili üstünlüyünü müdafiə edən radikallar bəzi islamçı terrorçuların metodlarından ilham alır, bəzi cihadçılar isə Avropa sağçılarının dili və vizual estetikasından istifadə edir. Avstraliya İqtisadiyyat və Sülh İnstitutunun hesablamalarına görə, 2002-ci ildə bir şəxsin ekstremist baxışlara gəlməsi üçün 16 ay lazım idisə, bu müddət 2015-ci ilə qədər 40% azalaraq daha da sürətlənib.
Araşdırmalara görə, ekstremist ideyalara əsaslanan, sui-qəsd nəzəriyyələri və zorakılıq çağırışları ilə dolu internet icmalarına daha çox sosial problemlərlə üzləşən yeniyetmələr cəlb olunur. Mütəxəssislər hesab edirlər ki, dövlətlər böyük sosial platformalardan bu cür məzmunlara qarşı daha effektiv nəzarət və ciddi mübarizə tələb etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr