Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, 50 dəqiqəlik axşam gəzintiləri ciddi pəhriz məhdudiyyətləri olmadan arıqlamağa və qarın piylərindən qurtulmağa kömək edir.
"Unikal" xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Exercise Nutrition and Biochemistry" (JENB) jurnalında dərc olunub.
Tədqiqatda artıq çəkili qadınlar iştirak edib. Subyektlər iki qrupa bölünüb: birincisi həyat tərzini dəyişməyib, ikincisi isə həftədə üç dəfə əlli dəqiqəlik gəzintilər edib. Təcrübə 12 həftə davam edib. Tədqiqat boyu könüllülər heç bir xüsusi pəhrizə əməl etməyiblər.
Nəticədə, gəzintiyə çıxan qadınlar digərlərinə nisbətən daha çox visseral yağ itiriblər. Visseral piy qarın boşluğunda həyati vacib daxili orqanların (ürək, mədə, qaraciyər, böyrəklər, ağciyərlər) ətrafında yığılmasıdır.
Alimlərin fikrincə, normalda belə yağ daxili orqanları zərbələrdən və sarsıntılardan qoruyur, həmçinin onların termorequlyasiyasını təmin edir. Bununla belə, həddindən artıq, visseral yağ demək olar ki, bütün orqan və sistemlər üçün təhlükəlidir. Bu tip piylənmənin nəticələri hipertoniya, ateroskleroz, diabetes mellitus və metabolik sindrom ola bilər.
Gülayə Mecid