İslam İnkişaf Bankı (IDB) və Asiya İnkişaf Bankı (ADB) 2030-cu ilədək ümumi dəyəri 2 milyard ABŞ dolları olan layihələrin birgə maliyyələşdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu (MoU) imzalayıblar.
“Report” IDB-yə istinafən xəbər verir ki, tərəflərin hər biri bu çərçivədə 1 milyard ABŞ dolları ayırmağı öhdəsinə götürüb.
Bu təşəbbüs IDB və ADB-nin ortaq üzv ölkələrində layihələrin effektivliyini, təsirini və dayanıqlılığını artırmağa yönəlib. Birgə maliyyələşdirmə modeli resursların, biliklərin və yanaşmaların birləşdirilməsini nəzərdə tutur.
Razılaşma İtaliyanın Milan şəhərində ADB-nin Rəhbərlər Şurasının 58-ci illik toplantısı çərçivəsində imzalanıb. Sənədə IDB-nin tərəfdaşlıq, qlobal təmsilçilik və resursların səfərbərliyi üzrə direktoru İbrahim Əli Şukri və ADB-nin strategiya, siyasət və tərəfdaşlıq üzrə baş direktoru Sinninq Tszya imza atıblar.
İ.Ə.Şukri bildirib ki, memorandum ADB ilə əməkdaşlıqda yeni mərhələnin başlanğıcıdır:
“Resurslarımızı və ekspertizamızı birləşdirərək üzv ölkələr üçün faydalı və dayanıqlı iqtisadi artıma töhfə verəcək layihələr həyata keçirəcəyik. Bu əməkdaşlıq qlobal çağırışlara qarşı davamlılığı təşviq edir”.
S.Tszya isə qeyd edib ki, sənəd ADB-IDB əməkdaşlığının genişlənməsində əlamətdar addımdır:
“Güclərimizi birləşdirərək innovativ maliyyə həllərini tətbiq etməyə və bütün Asiya üzrə iqtisadi artımı stimullaşdırmağa çalışırıq. Məqsədimiz milyonlarla insanın həyatında uzunmüddətli və müsbət dəyişikliklərə nail olmaqdır”.
Sazişin əsas prioritetləri sırasında dayanıqlı infrastrukturun inkişafı, rəqəmsal bərabərsizliyin azaldılması, gənclər və qadınlar üçün imkanların artırılması, regional inteqrasiya və transsərhəd ticarətin gücləndirilməsi, eləcə də qlobal tərəfdaşlıqların möhkəmləndirilməsi və əlavə maliyyə resurslarının cəlbi yer alır.
IDB və ADB-nin ortaq üzv ölkələrinə Azərbaycanla yanaşı, Əfqanıstan, Banqladeş, Bruney Darüssalam, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Malayziya, Maldiv adaları, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan daxildir.