BAKI, TurkicWorld
İlon Maskın kosmik şəhəri “Starbase” rəsmi ad statusu alıb.
TurkicWorld xəbər verir ki, ABŞ-ın Texas ştatında yerləşən və “SpaceX”in fəaliyyət göstərdiyi ərazinin adı keçirilən səsvermə nəticəsində rəsmi şəkildə “Starbase” (Ulduz Bazası) olaraq dəyişdirilib.
Kemeron dairəsində baş tutan səsvermədə iştirak edən 218 nəfərdən 212-si ad dəyişikliyini dəstəkləyib. Yalnız 6 nəfər əvvəlki adın qalmasını istəyib. Səsvermənin nəticələri mahal hakimi tərəfindən təsdiqləndikdən sonra “Starbase” Texas ştatının rəsmi bələdiyyəsi statusu alacaq.
Ərazidə yaşayanların böyük əksəriyyəti SpaceX əməkdaşlarıdır. Şəhər rəhbərliyi X (keçmiş Twitter) platformasında paylaşım edərək bildirib ki, “şəhər statusu qadın və kişilərin kosmosda insanlığın gələcəyi üçün çalışdığı ən yaxşı icmanı yaratmağa imkan verəcək”.
SpaceX-in qurucusu İlon Mask da X hesabında paylaşım edərək səsvermə nəticələrini qeyd edib və Starbase-in artıq “əsl şəhərə çevrildiyini” vurğulayıb.
Qeyd edək ki, Starbase “SpaceX”in “Starship” raketlərinin buraxılış və sınaq mərkəzi kimi fəaliyyət göstərir. Layihə Maskın Marsa insan göndərmək planlarının əsas mərhələlərindən biri hesab olunur.