ABŞ prezidenti Donald Tramp Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəliyinə ölkə hüdudlarından kənarda çəkilən bütün filmlərə 100 faizlik gömrük rüsumlarının tətbiqi prosesinə başlamaq barədə göstəriş verib.
“European Pravda” xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.
Tramp deyib ki, “Amerikada kino sənayesi sürətlə ölür”, çünki “digər ölkələr bizim (amerikalı, - red.) kinorejissorlarımızı və studiyalarımızı ABŞ-dan uzaqlaşdırmaq üçün hər cür təşviqlər təklif edir”.
Onun fikrincə, Hollivud və ABŞ-ın bir çox digər regionları “dağıdılır”: "Bu, digər dövlətlərin əlaqələndirilmiş səyidir və buna görə də milli təhlükəsizliyə təhdiddir. Digər şeylərlə yanaşı, bu, həm də informasiya təsiri və təbliğat məsələsidir!".
Bunu nəzərə alaraq, ABŞ prezidenti Ticarət Departamentinə və ABŞ ticarət nümayəndəsinə “ABŞ-a gələn və xaricdə çəkilmiş istənilən filmə 100% rüsum tətbiq etmək prosesinə dərhal başlamaq” səlahiyyəti verib.
Xatırladaq ki, aprelin əvvəlində Tramp demək olar, bütün ölkələrə minimum 10% əlavə rüsum tətbiq edib, eyni zamanda, bəzi ticarət tərəfdaşları üçün, o cümlədən Aİ üçün 20% əlavə “qarşılıqlı” rüsumlar təklif edib.
Tramp daha sonra əlavə “qarşılıqlı” tədbirləri dayandıraraq tərəfdaşlara danışıqlar aparmaq üçün 90 gün vaxt verib. O, həmçinin ABŞ və Aİ-nin mütləq ticarət sazişi bağlayacağına söz verib.
S.ELAY
XQ