AZ

İdman zallarına gedənlərə XƏBƏRDARLIQ – Sağlamlıq arayışı məcburi OLACAQ?

Son zamanlar trenajor və fitness klublarına müraciət edənlər çoxalıb. Bunu paytaxtda artan idman məşq zallarından da görmək mümkündür. Bakının az qala hər küçəsində fəaliyyət göstərən idman zalları onlara tələbatın artdığını göstərir.

Bu idman zallarında idmanla məşğul olmaq istəyən şəxslərə müxtəlif qiymət və keyfiyyətdə xidmət göstərilir. Burada bədən quruluşunu formaya salmaq mümkündür. Lakin belə idman klublarının əksəriyyəti özəldir və onların hamısının müraciət edənlərdən sağlamlıq haqqında arayış tələb etməsi bəlli deyil.

Çünki idman zallarında idmanla məşğul olanlarla bağlı, təəssüf ki, neqativ hallar, ölüm hallarına da rast gəlinib.

Ona görə də mütəxəssislər hesab edirlər ki, şəxslər öz sağlamlıqlarına uyğun gələn idman növü ilə məşğul olmalıdırlar. Yaxud bəzi xəstəliklər var ki,  həmin xəstəlik daşıyıcılarına ümumiyyətlə bəzi idman hərəkətləri, xüsusilə, idmanın ağır növü ilə məşğul olmaq qadağan olunmalıdır.

Bəs bütün bunlar ölkəmizdə qorunurmu? İnsanlar idman zallarına getməmiş, idmanla məşğul olmaq qərarı alandan öncə sağlamlıqlarına dair sənəd alırlarmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim terapevt Rasif Bağırov deyib ki, gənclər idmanla məşğul olmazdan öncə mütləq həkim müayinəsindən keçməlidirlər:

“Gənclərin idmanla məşğul olması çox vacibdir. Amma bundan öncə çox yaxşı olar ki, onlar mütləq həkim müayinəsindən keçsinlər. Əvvəllər poliklinikalarda müayinə olunmadan müxtəlif kağız alıb, aparırdılar. İdman müəllimin də əlində kağız olduğu üçün sabah bir neqativ hal baş verəndə məsuliyyətdən azad olurdu. Çünki o həkimin pasiyent haqqında yazdığı sağlamlıq rəyini önə çəkirdi. Əslində idmanla məşğul olanlar həddən artıq diqqətlə yoxlanmalıdırlar. Çünki təkcə ürək xəstəlikləri yox, əlavə digər xəstəliklər də var ki, onlar şəxsin idmanla məşğul olmasına manedir. Həmin proseslər dəqiq şəkildə müəyyən edilməlidir ki, idmanla məşğul olan şəxsə problemlər yaranmasın.

Həkim bildirib ki, bəzən idman bir çox xəstəliklərin dərinləşməsinə səbəb olur:

“Çox xəstələrdə özləri də bilmədən yüngül ürək çatışmazlığı olur, idmanla məşğul olur, bir də onda məlum olur ki, artıq ürək böyüyüb, çatışmazlıq dərinləşib, vəziyyət daha da ağırlaşıb.
 

Bəzən onurğada deformasiyalar olur, problemi aradan qaldırmaq üçün valideyn uşaqlıq vaxtında kifayət qədər səy göstərmir. Belə olduqda fiziki yükləmələr zamanı sümüklər müqavimət göstərə bilmir, deformasiya daha da dərinləşir.


Ciddi tibbi müayinədən keçmədən idmanla məşğul olmaq qəti qadağandır. Əslində, həmin idarələr bu məqsədlə təkrar yoxlamalar aparılsa da idmançıları yenidən yoxlamağa göndərməlidirlər.Çox vaxt saxta sənədlə gedirlər və buna görə də çox ciddi narahatlıqlar yaranır”.

Günay Şahmar, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr