BAKI, 5 may. TELEQRAF
Ünsiyyət servisi olan “Skype” 5 maydan etibarən fəaliyyətini dayandırır.
Teleqraf xəbər verir ki, bu barədə istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.
Bildirişdə həmçinin xidmətin fəaliyyətini dayandırma şərtləri də göstərilib.
“Skype”ın məxsus olduğu “Microsoft” əsas diqqəti kommunikasiya və birgə iş üçün digər servis olan “Teams”in inkişafına yönəltmək niyyətindədir. “Skype”dan “Teams”ə keçid istifadəçilər üçün ödənişsizdir və hesab məlumatlarının dəyişdirilməsini tələb etmir.
"Bütün əlaqələriniz və söhbətləriniz avtomatik olaraq köçürüləcək", - bildirişdə qeyd olunur.
“Skype”dakı məlumatlar istifadəçilər üçün 2026-cı ilin yanvar ayınadək əlçatan olacaq. Bu müddət ərzində istifadəçilər həmin məlumatlardan istifadə edə və ya onları silə bilərlər. 2026-cı ilin yanvarınadək istifadə edilməyən məlumatlar özü-özünə silinəcək.
Bundan başqa, “Skype”dan “Teams”ə məlumatları eksport etmək mümkündür.