Azərbaycan cüdoçusu Elcan Hacıyev Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilmiş “Böyük Dəbilqə” turnirinin qalibi olub.
Arena.az xəbər verir ki, bu gün turnirə yekun vurulub.
Turnirinin son günündə Azərbaycanın daha üç cüdoçusu medal qazanıb.
90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşıblar. Azərbaycan cüdoçularının mübarizəsində Elcan Hacıyev üstün olub və qızıl medal əldə edib. Vüqar Talıbov isə gümüş medala sahib olub.
Digər Azərbaycan təmsilçisi Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimovla yarışıb. Bu rəqibinə məğlub olan cüdoçumuz yekunda gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.
Xatırladaq ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) də “Böyük Dəbilqə”nin qızıl medalını qazanmışdı.
Beləliklə, Azərbaycan milli komandası Düşənbədəki yarışı 2 qızıl və 2 gümüş medalla başa vurub.
Xatırladaq ki, yığmamız bu turnirə 8 cüdoçu ilə qatılmışdı.
Qubada Avropa Kubokuna yekun vuruldu
Yeri gəlmişkən, Qubada keçirilmiş cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku da bu gün başa çatıb. Yarışın ikinci – sonuncu günündə daha 8 çəki dərəcəsində qaliblər bəlli olub.
Azərbaycan cüdoçuları bu günü 6 medalla (3 gümüş, 3 bürünc) başa vurublar.
Səid Şərifov (-73 kq), Amin Mehdiyev (-81 kq) və Səid Hüseynov (-90 kq) gümüş medalla kifayətləniblər.
Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) bürünc medala sahib olublar.
Xatırladaq ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanmışdı. Anar Quliyev (-50 kq), Zeyd Ələsgərov (-60 kq), Nuranə Hacızadə (-48 kq) qızıl, Rəsul Əlizadə (-55 kq), Fəxri Sahibzadə (-66 kq), Leyla Ələkbərova (-48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-66 kq), Xədicə Abdullayeva (-44 kq) və Aysun Məmmədova (-52 kq) bürünc medala layiq görülmüşdülər.
Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanmış Azərbaycan yığması turnirin komanda hesabında ikinci yeri tutub.