Misli Premyer Liqasının 33-cü turunda “Neftçi”nin qonağı olan “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisinin çalışdırıcısı 2:2 hesabı ilə başa çatan matçla bağlı bunları dilə gətirib:
“Sabah "Xəmsə" fanklubunun yaradılmasının 16 ili tamam olur. Əvvəlcə onları təbrik etmək istəyirəm. Bütün azarkeşlərimizə bu yağışlı havada dəstəyə görə təşəkkürümü çatdırıram. Uzaq yola baxmayaraq bizi dəstəklədilər.
Oyuna gəlincə, birinci hissədən fərqli görüşün fasilədən sonrakı bölümü istədiyimiz kimi oldu. İlk yarıda "Neftçi "yə qarşı qol buraxmamağa çalışırdıq. İkinci hissədə əvəzetmələrdən sonra hesabda önə də keçdik. Təəssüflər olsun ki, matçın sonlarında qol buraxdıq. Amma üzülməyə dəyməz. Əsas odur ki, xalımızın üstünə xal gəldi. Futbolçular meydanda əsl qladiator kimi döyüşdülər".