BAKI. 4 may. TELEQRAF
"Çalışırıq ki, sakit olaq, məşqlərə, oyunlara futbolçuları hazırlayaq və bacardığımız qədər oynayaq. Çünki bu mövsüm bizim üçün qatar gedib. Xüsusən, ona görə ki, mən danışandan sonra vallar başqa səmtə çönə bilər və bundan istifadə edərlər. Bu, birinci, ikinci deyil, mütəmadi sıralanan səhvlərdir ki, əziyyətini çəkirik, qollar vurmuruq".
Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis qapıçı Rza Cəfərovun çıxışından narazılığını gizlətməyib: "Nadir hallarda birinci hissədə dominant futbol oynayırıq. Bu gün isə rəqibin cərimə meydançası yaxınlığında və içərisində 10-15 dəfə olduq. Hətta arxa xətt oyunçularımız Azər Salahlı və Yuri Matias ora qədər gəlib çıxmışdılar. Qarşılığında qapıçı bir dəfə də reaksiya verib top çıxarmırsa, bu, bizə məlum olan problemlərin harada olduğunun sübutudur. Hər hava ilə ötürülən top gəlib qapında təhlükəli vəziyyətlə bitirsə... Biz bu tərəfini də bilirik".
Abasov son 3 turdan gözləntilərini açıqlayıb: "Yenə də futbolçuları kökləyəcəyik. Adımıza layiq də deyə bilmirəm, çünki adımıza layiq bir şeylər də etmirik, hər halda çalışacağıq ki, oyunlardan maksimum nəticələrlə ayrılaq. Xoş tərəfi odur ki, son iki oyunda geridə olduğumuz halda, hesabı bərabərləşdirir, sonadək oynayırıq. Bunu hamı etmir, amma məsələn, Bassala Sambu bu gün "özünü öldürürdü", digər futbolçulardan da elələri var idi ki, uduzmamaq prioritetləri idi, ortaya xarakter qoymaq istəyirdilər. Onların ətrafında komanda qursaq, bunu qazanmış olarıq".