Xaçmaz, 4 may, Elxan Yusifli, AZƏRTAC
TƏBİB Xaçmazda avtomobil qəzasında yaralananların son vəziyyətini açıqlayıb.
Məlumatda bildirilib ki, mayın 4-ü saat 17:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbindən xəsarət alan 1962-ci il təvəllüdlü (kişi cinsli), 1965-ci il təvəllüdlü (qadın cinsli), 1984-cü il təvəllüdlü (kişi cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Həmin şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.
19:02
Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Yaquboba kəndi ərazisindən keçən hissəsində "Daewoo Nexia" markalı avtomobil aşıb. Qəza nəticəsində 4 nəfər Xaçmaz rayonu Yalama kənd sakinləri ağır xəsarətlər alıblar. Onlardan biri azyaşlıdır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.