Misli Premyer Liqasının XXXIII turunda "Qarabağ" "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib. Metbuat.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib:“Futbolçularımı təbrik edirəm. Qarşımızda istəkli rəqib var idi. Sona qədər döyüşdülər. Az sayda qol epizodları oldu. Yaxşı mübarizə oldu. Bu hallar sevindiricidir. 90 dəqiqə mübarizə gördük”. Q.Qurbanov 15 yaşlı Amin Rzayevin debütünə münasibət bildirib: "Xeyli müddətdir məşqlərdə bizimlə olur. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Gəncdir, perspektivi var. Gələcək üçün özündən daha çox şey asılı olacaq. Qarşıdakı oyunlarda da, imkan olduqca şərait yaradacayıq oynasın. Bizim hamı üçün qapılarımız açıqdır”.O, Bəhlul Mustafazadə ilə münasibətləri barədə danışıb:“Problemli bir şey yoxdursa, açıqlama vermək artıq olar. Bəhlulla uzun müddətdir bərabərik. Demək olar 95% oyunlarda çıxış edir. Problem yoxdursa açıqlama vermək borcum yoxdur”.Qurban Qurbanov "Traktor" klubunun tarixində ilk dəfə İran çempionu olmasını belə şərh edib:“Traktoru çempionluq münasibəti ilə təbrik edirəm. Bu komanda ilə yoldaşlıq oyunu keçirməyə şad olardım. Hər iki klub rəhbərliyi danışıb, ortaq məxrəcə gəlsələr, oyunu keçirə bilərik”.