BAKI, 4 may. TELEQRAF
Kremlin 9 May - Qələbə Günü münasibətilə irəli sürdüyü üç günlük atəşkəs təklifi sülhə hazırlığı deyil, əksinə, Putinin bütün Ukraynanı ələ keçirmək və Avropaya öz iradəsini diktə etmək niyyətini göstərir.
Teleqraf xəbər verir ki, bu barədə “The Independent”in Rusiya-Ukrayna müharibəsindəki hazırki vəziyyətə həsr olunmuş böyük analitik məqaləsində qeyd olunur.
Müəllif Kiyevin Putinin “parad atəşkəsi” təklifini "növbəti manipulyasiya cəhdi" kimi dəyərləndirərək rədd etməsini düzgün hesab edir. O, daha əvvəl elan olunmuş "Pasxa atəşkəsi"nin Rusiya ordusu tərəfindən aktiv şəkildə pozulduğunu xatırladır.
"Putin Donald Trampın sanksiyaları gücləndirməklə bağlı son təhdidlərindən və ABŞ prezidentinin Rusiyanın atəşkəsi gecikdirməsinə görə narazı qalmasından qətiyyən narahat olmur, əksinə, özünü eşitməzliyə vurur və istədiyini etməyə davam edir", - məqalədə deyilir.
Rusiya həqiqi sülh danışıqlarından yayınmaqda davam edir, çünki müharibə başa çatdıqdan sonra işğal etmiş olduğu bütün əraziləri özündə saxlamağa ümid edir.
"Onun məqsədlərinə çatması üçün sadəcə Ukraynanın bir hissəsini, limanları, avtomobil yollarını, ən əhəmiyyətli infrastrukturu ələ keçirmək kifayətdir, çünki bu, Ukraynanın müstəqil dövlət kimi ayaqda qalması baxımından son dərəcə vacibdir. Bununla o, öz istəyinə çata, Ukraynanın NATO-ya və ya Aİ-yə üzvlüyünün qarşısını ala bilər", - Kral Birləşmiş Qüvvələr İnstitutunun rəhbəri və ABŞ-nin NATO-dakı keçmiş əməkdaşı Dr. Reyçel Ellehuus hesab edir.
Onun fikrincə, bu, təkcə Ukraynanın problemi deyil.
"Putinin diqqətdən kənar qalan ikinci bir məqsədi var, o da NATO və Avropa İttifaqına meydan oxumaq, onları sarsıtmaqdır. O, NATO-nun hər hansı üzvünə qarşı silahlı hücumun bütün üzv dövlətlərə qarşı hücum kimi nəzərdə tutan 5-ci maddənin çərçivələrini sınamaq istəyir", - Ellehuus deyib.
Məqalənin müəllifi Ukrayna ordusunun tükənməsinə və qələbəyə gedən aydın yolun olmamasına baxmayaraq, Ukraynanı hesabdan silməməyə çağırır. O, məhz Ukraynanın hazırda ən müasir hərbi texnologiya - pilotsuz uçuş aparatları sahəsində dünya lideri olduğunu xatırladıb.
“The Independent” Rusiyanın itkilərinin çox böyük olduğunu vurğulayır. Müəllifin sözlərinə görə, Ukraynanın da itkiləri var, lakin sonda əraziyə nəzarət edən müharibədə qalib gəlir.
"Bu göstəriciyə görə tərəflərdən heç biri nə qazanır, nə də məğlub olur. Rusiya son bir ildə Ukraynada cüzi taktiki uğurlar əldə edib, Ukrayna isə müharibənin xarakterini dəyişib", - məqalənin müəllifi qeyd edir.