"Qələbə qazanmağın lazım olduğunu bilirdik. Lakin alınmadı. Nəticəyə görə üzülürük. Çempionat hələ bitməyib. İnanırıq və arzu edirik ki, "Şahdağ Qusar" son iki turda "Qusar" və "Dinamo" ilə oyunlarda xal itirəcək və biz çempion olacağıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri II Liqada yarışan "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli bu gün "Şahdağ Qusar"la matçdan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.
O, azarkeşlərə və yetirmələrinə təşəkkürünü çatdırıb: "Hər iki komandanın azarkeşlərinə minnətdaram. "Şahdağ Qusar" azarkeşlərinin komandaya belə dəstək verəcəklərini gözləyirdik. Çünki qusarlı azarkeşlər çılğındırlar, komandanı sevirlər. Olsun. O qədər azarkeşsiz stadionlarda oynamışdı ki... Lap rəqibin azarkeşi olsun, amma tribunalar boş qalmasın Yetirmələrimə də təşəkkürümü çatdırıram. Sonadək mübarizə apardılar. Sadəcə, rəqibin kompakt müdafiəsini yarmaq mümkün olmadı".
E.Kərəmli növbəti mövsüm I Liqada qızıl medallar uğrunda mübarizə aparacaqlarını söyləyib: "Gələn çempionatda Premyer Liqaya vəsiqə qazanmağa çalışacağıq. Qışda transferlər edəndə də növbəti mövsümdə I Liqada oynayacağımızı nəzərdə tutmuşduq. Bununla belə heyəti gücləndirəcəyik".
Qeyd edək ki, hazırda ikinci pillədə qərarlaşan "Şəfa" lider "Şahdağ Qusar"dan 3 xal geri qalır.