ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacağını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, "NBC News"a müsahibəsində danışıb.
"Mən səkkiz il, iki müddət prezident olacağam. Mən bunu həmişə çox vacib hesab etmişəm. Mənim dörd gözəl ilim olacaq və sonra bunu başqasına, ideal olaraq böyük bir Respublikaçıya təhvil verəcəyəm", - Ağ Ev rəhbəri deyib.
Martın 30-da Tramp mümkün üçüncü prezidentlik müddəti ilə bağlı şərhlərinə ciddi yanaşdığını bildirib. O, namizədliyini irəli sürmək barədə düşünməyin tez olduğunu deyib, lakin bir çox insanın qərarı dəstəkləyəcəyini qeyd edib.
ABŞ Konstitusiyası 22-ci düzəlişlə müəyyən edilmiş iki müddətdən artıq təkrar seçilməyi qadağan edir. Bununla belə, bir çox ekspertlər mövcud qanuni məhdudiyyətlərdən yayınmağın potensial yollarına işarə edirlər .