"Qələbə Günü bizim günümüzdür, bu 9 maydır! Bu belə olub, belədir və həmişə belə olacaqdır!.."
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın ABŞ-ın İkinci Dünya müharibəsində istənilən digər ölkədən daha çox iş gördüyünə dair fikrinə münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanalı"nda yazıb. Məlumatı "korrespondent.net" nəşri yayıb.
Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində belə bir yazı paylaşıb:
"Bir çox müttəfiqimiz və dostlarımız 8 mayı Qələbə Günü kimi qeyd edir, lakin biz İkinci Dünya müharibəsində qələbənin əldə olunması üçün digər ölkələrdən daha çox iş gördük. Mən 8 mayı İkinci Dünya müharibəsində Qələbə Günü, 11 noyabrı isə Birinci Dünya müharibəsində Qələbə Günü adlandırıram. Biz hər iki müharibəni qazandıq, güc, cəsarət və hərbi məharət baxımından bizə yaxın olan olmayıb".
Buna cavab olaraq Medvedev Trampın sözlərini "iddialı cəfəngiyat" adlandırıb.
"Bizim xalq lənətlənmiş faşizmin məhv edilməsi naminə 27 milyon övladının həyatını qurban verib. Buna görə də Qələbə Günü bizim günümüzdür, bu 9 maydır! Bu belə olub, belədir və həmişə belə olacaqdır!" - Rusiya rəsmisi vurğulayıb.
Qeyd edək ki, "currentetime.tv" nəşri 2016-cı ilin 9 may tarixində Böyük Vətən müharibəsində keçmiş SSRİ respublikalarının ümumi itkilərinə dair statistik məlumatlar yayımlayıb:
- Ermənistan: 30 min mülki, 150 min hərbçi - 1940-cı il əhalisinə nisbətən 13 faiz;
- Azərbaycan: 90 min mülki, 210 min hərbçi (9,1 faiz);
- Belarus: 1 milyon 670 min mülki, 620 min hərbçi (25,3 faiz);
- Estoniya: 50 min mülki, 30 min hərbçi (7 faiz);
- Gürcüstan: 110 min mülki, 190 min hərbçi (8,2 faiz);
- Qazaxıstan: 350 min mülki, 310 min hərbçi (10,7 faiz);
- Qırğızıstan: 50 min mülki, 70 min hərbçi (7,8 faiz);
- Latviya: 230 min mülki, 30 min hərbçi (13,7 faiz);
- Litva: 350 min mülki, 25 min hərbçi (12,7 faiz);
- Moldova: 120 min mülki, 50 min hərbçi (8,9 faiz);
- Rusiya: 7 milyon 200 min mülki, 6 milyon 750 min hərbçi (12,7 faiz);
- Tacikistan: 70 min mülki, 50 min hərbçi (7,8 faiz);
- Türkmənistan: 30 min mülki, 70 min hərbçi (7,7 faiz);
- Özbəkistan: 220 min mülki, 330 min hərbçi (8,4 faiz);
- Ukrayna: 5 milyon 200 min mülki, 1 milyon 650 min hərbçi (16,3 faiz);
Naməlum itkilər 130 min mülki, 165 min hərbçi təşkil edib.