BAKI, 4 may. TELEQRAF
Qəzza zolağında 2023-cü ilin oktyabrından bəri davam edən müharibədə həlak olan fələstinlilərin sayı 52 535 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, yaralananların sayı isə 118 491 nəfərdir. Son bir gündə isə 40 nəfər ölüb, 125 nəfər yaralanıb.
Qarşıdurma 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının Qəzzadən İsrailə hücum etməsi ilə başlayıb. Onlar sərhədyanı şəhərlərə daxil olaraq mülki vətəndaşları öldürüb və girov götürüblər. HƏMAS bu hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb.
Bundan sonra İsrail HƏMAS-ı məhv etmək və girovları azad etmək məqsədilə Qəzzəyə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Yanvarda qısa müddətli atəşkəs olsa da, martın 18-də İsrail ordusu yenidən hücumlara başlayıb. İsrail bu qərarı HƏMAS-ın ABŞ və digər vasitəçilərin təkliflərini qəbul etməməsi ilə izah edib. HƏMAS isə baş verənlərə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə atıb.