“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Lissabon “Sportinq”nin 26 yaşlı mərkəz hücumçusu Viktor Dyökereşlə bağlı danışıb.
Arena.az xatırladır ki, portuqal mütəxəssis daha əvvəl çalışdırdığı “şirlər”in heyətində rəhbərliyi altında oynamış isveçli futbolunun “qırmızı şeytanlar”ın düşərgəsinə mümkün keçidi ilə bağlı şayiələri şərh edib:
“Mən onunla söhbətləşməmişəm. Amma əgər futbolçu “Mançester Yunayted”ə Çempionlar Liqasında çıxış etmək üçün keçmək niyyətindədirsə, onda o, bura keçməyəcək. Bizə, “Mançester Yunayted”i təmsil etmək istəyən oyunçular gərəkdir, müəyyən yarışlarda çıxış etmək istəyənlər yox”, – “Goal” dərgisi Amorimdən sitat gətirir.
Mərkəz hücumçusu Viktor Dyökereş futbola “İFK Aspudden-Tellus” klubunda qədəm qoyub. Buradan “Brommapoykarna”ya keçmiş Dyökereş böyük futbolda debüt edib. Hücumçu karyerası ərzində “Brayton”, “Sankt-Pauli”, “Suonsi Siti” və “Koventri Siti”də çıxış edib.
2023-cü ilin iyul ayında Lissabon “Sportinq”i Dyökreşi 24 milyon avro məbləğ müqabilində “Koventri Siti”dən tanhüquqlu əsasda öz düşərgəsinə qatıb. İsveçli hücumçunun “şirlər”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dyökereş “Sportinq” üçün bütün yarışlarda 48 oyuna çıxıb, 52 qol vurub, 12 məhsuldar ötürmə verib.
İsveçli hücumçunun “şirlər”in heyətində çıxışının ümumi mənzərəsi 98 oyun, 95 qol və 27 məhsuldar ötürmədən ibarətdir.
Hazırda Dyökereş cari mövsüm Portuqaliya Premyer Liqasının 38 qolla ən sərrast futbolçusudur.
Viktor Dyökereş 2019-cu ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 26 oyun keçirib, 15 qol vurub, 6 məhsuldar ötürmə verib.
Viktor Dyökereşin qənimətlər muzeyində “Sportinq”lə qazandığı Portuqaliya çempionluğu (2023/2024) var. Fərdi uğurlara gəlincə, Dyökereş 29 qolla 2023/2024-cü illər Portuqaliya Premyer Liqasının ən sərrast qolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı isveçli mərkəz hücumçusu Viktor Dyökereşin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək qolçu hücumçu bir çox Avropa nəhənglərinin diqqət mərkəzindədir.