“Hesablaşma-2” Bakı kinoteatrlarında nümayiş olunur. Nədənsə bizdə filmin adı (“Расплата-2”) ruslardan götürülüb. Halbuki filmin orijinal adı “The Accountant2”, yəni “Mühasib-2”dir... Sözüm onda deyil, əgər kim filmin birinci hissəsinə baxmayıbsa, baxandan sonra kinoteatra getsin. Keyfiyyətli yeni nəsil döyüş filmlərindəndir. Ancaq əsas qəhrəmanın güllə, düşmənlərin isə ona “noxud” atma səhnələrini minimuma endiriblər və filmə bir növ intellektual çalar verməyə çalışıblar. Məncə bu baxımdan, birincisi daha maraqlı idi.
Nəisə, diqqətimi iki məqam çəkdi.
Birincisi, qanunsuz miqrantlar və onların Amerika küçələrində törətdikləri özbaşınalıq, hansı ilə ki, Tramp mübarizə aparır və onları ölkədən çıxarır. Filmdəki miqrant ailəsi Salvadordandır, Tramp da onları bu ölkədə yerləşən dünyanın ən dəhşətli həbsxanasına göndərmək istəyir.
İkincisi isə dövlətin bizi müşahidə kameraları və rəqəmsal alətlərlə total nəzarətdə saxlaması. Bax bu, həqiqətən də dəhşətdir və texnologiyaların inkişafı ilə hamımızın kontrolda olacağımıza dair öncəgörmələrin güzəranımıza çevrilməsi deməkdir. Ona görə nə edirik, harada edirik, bilin ki, hamısı istənilən anda hər kəsə məlum ola bilər, – yaxşı hakerin əlində heç nədir. Çində küçələrdə hətta adamı yerişi ilə identifikasiya edən kameralar quraşdırılıb. Hamımız futboldakı VAR sistemi mexanizmin obyektivindəyik.