Bakı, 3 may, AZƏRTAC
Bu gün çıxışımızda məşqlər zamanı üzərində işlədiyimiz elementləri ən yaxşı şəkildə göstərməyə çalışdıq. Əlbəttə ki, bu gün bəzi şeylər istədiyimiz kimi alınmadı, amma özümüzü ən yaxşı tərəfdən göstərmək üçün işləməyə davam edəcəyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanan Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Ləman Əlimuradova deyib.
Onun sözlərinə görə, inkişaf üçün hər zaman səy göstərmək lazımdır: "Bu gün bürünc medal qazandıq. Bizim üçün həmişə ən vacibi performansımızı düzgün yerinə yetirə bilməkdir. Bundan da daha yaxşı nəticə üçün səhvlərimizin üzərində işləyib, düzəltməyə çalışacağıq".
Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə mayın 4-də yekun vurulacaq.