AZ

''Beşiktaş'' öz yetirməsini qaytarmaq istəyir

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən ''Beşiktaş''la bağlı yeni iddia ortaya atılıb.

''Football-plus.az'' Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi öz yetirməsi və sabiq futbolçusu Ridvan Yılmazı geri qaytarmaq arzusundadı. Rəhbərlik mövsüm bitən kimi bu futbolçunu transfer etməyə çalışacaq.

''Qartal''ın akademiyasında yetişən, 2018-ci ildən əsas komandaya cəlb olunmağa başlayan, çempionluqla nəticələnən 2021/22-də heyətdə olan 23 yaşlı sol cinah müdafiəçisi 2022-nin yayında 4 milyon avroya ''Reyncers''ə transfer olunmuşdu. Türkiyə yığmasına da dəvət alan Rıdvan Qlazqo nəhəngində 3-cü mövsümünü tamamlamaq üzrədi. Onun ''Reyncers''də tam olaraq əsas heyət üzvünə çevrildiyini söyləmək çətindi. Bu mövsüm o, iştirak etdiyi 27 rəsmi matçın 16-da start heyətində meydana çıxıb və aktivinə 2 məhsuldar ötürmə yazıb. İddialara görə bu futbolçu özü də vətəninə qayıtmağın əleyhinə deyil.

Bir ara Rıdvana ''Qalatasaray'' da maraq göstərirdi. Bu futbolçunun ''Reyncers''lə 2027-yə qədər müqaviləsi var və şotlandiyalılar təbii ki, onu pulsuz buraxmaq niyyətində deyil. Qışda yayılan xəbərlərdə ''Reyncers''in 5 milyon avro tələb etdiyi vurğulanılırdı. ''Beşiktaş'' rəhbərliyi bu məbləği mümkün qədər aşağı salmağa çalışacaq.

Rıdvan ümumilikdə Şotlandiya karyerasında meydana çıxdığı 77 rəsmi oyunda aktivinə 2 qol, 6 məhsuldar ötürmə yazıb.

Seçilən
0
football-plus.az

1Mənbələr