"Onlar artıq dünyaya ayaq açır, addım-addım qlobal gücə çevrilir..."
ABŞ-ın Sakit okeandakı silahlı qüvvələrinin komandanı admiral Semyuel Paparo etiraf edir ki, Tayvan uğrunda müharibənin onun komandirliyi dövründə başlaya biləcəyindən narahatlıqla yuxusuz gecələr keçirir.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
ABŞ hələlik Çinə qarşı üstünlüyünü saxlayır, amma bu, dəyişir. Paparonun sözlərinə görə, əgər müharibə bu gün başlasa, ABŞ Tayvan uğrunda Çinə qarşı qələbə qazana bilər.
Lakin yaxın illərdə qüvvələr nisbəti kəskin şəkildə dəyişə bilər. Paparo qeyd edir ki, ABŞ-ın sualtı imkanlarında və kosmosdakı mövqelərində üstünlüyü var, lakin Çin hərbi texnika, xüsusilə döyüş gəmiləri istehsalını ABŞ-dan qat-qat sürətlə artırır.
"Hazırkı trayektoriyamız
gücümüzün bütün vacib komponentləri üzrə mənfi istiqamətdə gedir", - admiral xəbərdarlıq edir. O, deyir ki, Çin ildə 2 sualtı qayıq, ABŞ isə yalnız 1,4 ədəd istehsal edir. Üstəlik, Çin ildə 6 hərbi gəmi inşa edirsə, ABŞ bu göstəricidə 1,8-lə geridə qalır.
Tayvan ssenarisi: işğal və ya blokada
Paparo qeyd edir ki, vəzifəyə başladığı son bir il ərzində Çin ordusu Tayvan ətrafında hərbi fəallığını kəskin artırıb. Pekin "bütün mümkün hərbi ssenariləri" - adanın işğalından dəniz blokadasına qədər praktiki məşqlərlə sınaqdan keçirir. "O, dərin səviyyəli və genişmiqyaslı dəyişikliklərin tempi ki, var - bir ildə məni yuxudan oyadan və ya yatmağa qoymayan da budur", - o, etiraf edir.
Çin dünya gücünə çevrilir
Paparo həmçinin xəbərdarlıq edir ki, Çin donanması artıq Sakit okeanın digər hissələrində də fəallaşıb. Fevralda Çin hərbi gəmiləri Avstraliyanın cənub-şərqində döyüş atışları həyata keçirib və ölkə ətrafında ilk dəfə tam dairə vurublar. "Onlar artıq dünyaya ayaq açır... Addım-addım qlobal gücə çevrilir", - o, deyir.
"Müharibə sənin növbətçiliyin dövründə baş verə bilər..."
Paparo həmçinin özündən əvvəlki komandan admiral Con Akvilinodan aldığı xəbərdarlığı bölüşüb. Akvilino ehtimal edib ki, ABŞ-Çin müharibəsi məhz Paparonun üçillik komandanlığı dövründə baş verə bilər. "O mənə dedi ki, bu, sənin xidmət dövründə baş verə bilər", - Paparo qeyd edir.
Pekin 2027-ni "hazırlıq tarixi" kimi götürüb
ABŞ kəşfiyyatı daha öncə xəbərdarlıq edib ki, Çin lideri Si Tszinpin ordusuna 2027-ci ilə qədər Tayvana hücuma hazırlaşmağı əmr edib. Paparo bu tarixin sadəcə planlaşdırma deyil, "hazırlıq tarixi" olduğunu deyir.
Tayvan və Ukrayna: Pekin öyrənir
Xəbər verildiyi kimi, Çin Ukraynadakı cəbhəyə öz peşəkar hərbçilərini göndərərək Rusiyanın arxa cəbhəsində döyüşləri müşahidə etdirir. Bu, Pekinə müasir müharibənin reallıqlarını daha yaxşı anlamaq və Tayvana müdaxilə üçün hazırlıq məqsədi daşıyır. Bundan əlavə, ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibəsi də Pekini Tayvan müharibəsinə aparan ssenariyə yaxınlaşdırır.