Kataloniya nəhəngi “Barselona” 22 yaşlı ispan hücumameylli yarımmüdafiəçisi Pablo Torrenin xidmətindən məhrum olub.
Arena.az “Barselona”nın rəsmi saytına istinadən, Torrenin zədələndiyini bildirir:
“Pablo Torre sol ayağında narahatlıq hiss edir. Onun qayışıdı bərpa sürətindən asılı olacaq”, – “blauqrana”nın mətbuat xidməti məlumat yayıb.
Pablo Torre futbola “Marina” klubunda qədəm qoyub və buradan Santander “Rasinq”inə keçib. “Barselona” Torreni 2022-ci ilin iyul ayında 5 milyon avro məbləğ müqabilində “Rasinq”dən tamhüquqlu keçid əsasında öz heyətinə qatıb. İspan futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Torre “blauqrana” üçün 14 oyuna 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Torrenin “Barselona” üçün çıxışının ümumi mənzərəsi 27 oyun 5 qol və 4 məhsudlar ötürmədən ibarətdir.
Pablo Torre İspaniyanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib, əsas yığmaya isə hələ dəvət almayıb.
Pablo Torrenin qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023-cü illər mövsümünün İspaniya La Liqası, İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 7,50 milyon avro məbləğində qiymətləndirir.