AZ

Fahrettin Altun: Ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə birliyimiz möhkəmlənir

BAKI, 3 may. TELEQRAF

"Türk dünyasının ortaq gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq üçün bu paneli son dərəcə əhəmiyyətli hesab edirəm. Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyasını siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir araya gətirir".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun 3 may Türkçülük Günü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən "Dildə, fikirdə, əməldə birlik: Türk dünyasının gələcəyi" adlı panel iclasda videomüraciət zamanı deyib.

"Ölkəmiz ilk gündən TDT-ni gücləndirən və ortaq dəyərlər əsasında irəliləyişini davam etdirən və böyük səylər göstərən ölkələrdən biridir. Prezident Rəcəb Tayyib Ərdoğan Türk Şurasının 2021-ci ildə sammitindəki çıxışı zamanı bildirib ki, Türk Dövlətləri Təşkilatı iqtisadi və ya siyasi ortaq maraqlarından çox könül birliyi deməkdir. Prezidentimizin “Eyni mənəvi xəzinədən qidalanan, ortaq keçmişi, mədəniyyəti, əcdadları olan qardaşları ayıracaq sərhəd yoxdur" sözləri Türk dünyasının birliyinə olan inamının və dəstəyinin göstəricisidir.

Mərhum İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, əməldə birlik" şüarı bu günə qədər Türk dünyasının devizi olub. Türk dünyası ölkələri olaraq ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə bu gün əməkdaşlığımızı daha da genişləndiririk. Biz bunu daha yüksək səviyyəyə çatdırmaq üçün məsuliyyət daşıyırıq. Bu məsuliyyəti dərk edərək, intellektual biliklərimizi zənginləşdirməklə yanaşı, panelimiz ümid edirəm ki, bizə konkret addımlarla irəliləməyə imkan verəcək bir ilham mənbəyi olacaq. Türk dünyasının qədim mərkəzlərindən biri olan Bakıda keçirdiyimiz bu görüşə töhfə verən hər kəsə təşəkkürümüzü bildiririk",- deyə F.Altun bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr