Müstəqillik dönəmində ilk dəfə olaraq Maliyyə Nazirliyi ölkə banklarına depozit yerləşdirib. Bununla bağlı keçirilən hərracın nəticələrinə əsasən, nazirlik bir milyard manat həcmində sərbəst qalığı dörd sistem əhəmiyyətli bankda üç ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan edib. Növbəti hərracda isə vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Bəs, görəsən, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi bank sektoruna hansı əlavə imkanlar yaradacaq? Bu addım kredit faizlərinin aşağı düşməsinə şərait yarada bilərmi?
Bazarda canlanma yaranacaq
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəriblinin sözlərinə görə, bu addım ölkə iqtisadiyyatında və banklarda canlanma yaradacaq: “Bu alət banklar üçün əlavə maliyyə resursu yaradır. Bankların kredit vermək imkanları genişlənir. Bu yatırımdan sonra biz az da olsa banklarda faizlərin enməsini müşahidə edirik. Nəticə etibarilə qərar həm dövlət büdcəsinə əlavə vəsait əldə etmək baxımından müəyyən qədər təsir göstərir, həm də ölkə iqtisadiyyatı və bankların canlanmasına imkan yaradır. Düzdür, sözügedən vəsaitlər əsasən iri banklara yönəldilib. Bu da normal prosesdir. Çünki iri banklar daha təhlükəsiz hesab edilir. Təbii ki, istisna hallar ola bilər. Yəqin ki, Maliyyə Nazirliyi mövcud vəziyyəti hərtərəfli təhlil edərək bu yatırımı edib. Gələcəkdə istisna deyil ki, digər banklara da belə yatırımlar edilsin”.
“Digər qurumlar üçün də nümunə olmalıdır”
Ekspert hesab edir ki, Maliyyə Nazirliyinin təcrübəsi vəsaiti olan digər qurumlar üçün də nümunə olmalıdır: “Məsələn, Dövlət Neft Fondunun da vəsaitləri mövcuddur. Baxırıq ki, həmin vəsaitlərdən xarici banklara depozit yerləşdirilir, amma yerli banklara yerləşdirilmir. Bu barədə Dövlət Neft Fondu da düşünə bilər. Təbii ki, ölkə iqtisadiyyatı da həmin vəsaiti qəbul etməyə hazırlıqlı olmalıdır. Əgər krediti alıb istehlak kreditləri kimi mənimsəyiriksə, bu, iqtisadiyyatda elə də böyük effekt verməyəcək. Məsələn, Türkiyədə bu effekt daha yüksəkdir. Çünki orada kreditin əsas hissəsi real iqtisadiyyata yönəldilir. Bizdə isə ümumi kredit portfelində istehlak krediti üstünlük təşkil edir. Bu, həm də pul kütləsinin dolayı yolla ölkədən kənara çıxması deməkdir”.
“Banklar siyasətlərini dəyişməlidir”
E.Qəriblinin fikrincə, kredit faizlərində kəskin azalma ehtimalı çox aşağıdır: “Biz müşahidə edirik ki, depozit yerləşdirilməsindən sonra bu azalma heç yarım faiz də deyil. Bu da qısamüddətli prosesdir. Əgər bir neçə qurum bu tipli addımlar atarsa, faizlərdə nəzərəçarpacaq endirimlər baş verə bilər. Maliyyə bazarlarına etibar artar, bankların reytinqi yüksələr. Eyni zamanda, bu etibar gələcəkdə digər yerli və xarici təşkilatları da ölkə iqtisadiyyatına daha çox investisiya yatırmağa sövq edər”.
E.Qəribli gələcəkdə dövlət tərəfindən kiçik banklara da depozit yerləşdirilməsini istisna etmir: “Banklar öz fəaliyyətlərinə yenidən baxmalı, bu resursların cəlb olunması üçün siyasətlərini dəyişməlidir. Çünki bizdə elə banklar var ki, yerində sayır, müasir dövrün tələblərinə cavab vermir. Maliyyə Nazirliyi onlara pul ayıraraq fəaliyyətlərini stimullaşdırmamalıdır. Elə strategiyaları olmalıdır ki, dövlət qurumu da həmin banklara depozit yerləşdirməkdə maraqlı olsun”.