ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 14 oktyabr tarixində fələstin mənşəli 6 yaşlı amerikalı Wadea Al-Fayoumeni 26 yerdən bıçaqlayaraq öldürən və uşağın anasını ağır yaralayan 71 yaşlı Joseph Czuba barəsində keçirilən məhkəmə prosesində qərar elan olunub.
Sherg.az xəbər verir ki, Məhkəmə, mart ayında “qətl” və “nifrət cinayəti” ittihamları ilə təqsirli bilinən Czubanı 53 il həbs cəzasına məhkum edib.
Hakim Amy Bertani-Tomczak bildirib ki, Czubaya azyaşlı uşağın öldürülməsinə görə 30 il, anasına qarşı hücuma görə 20 il, nifrət motivli cinayətə görə isə əlavə 3 il həbs cəzası verilib.
Ev sahibi Czuba, 14 oktyabr 2023-cü ildə İllinoys ştatının Plainfield qəsəbəsində kirayəçisi olan fələstin mənşəli 32 yaşlı Hanaan Shahini evində bıçaqla ağır yaralamış, onun 6 yaşlı oğlu Wadea Al-Fayoumeu isə 26 bıçaq zərbəsi ilə qətlə yetirmişdi.
Polisin açıqlamasına görə, Czuba İsrail-Fələstin münaqişələri və onların müsəlman olması səbəbilə ana və oğlunu hədəf alıb.
Məhkəmə sənədlərinə əsasən, hücum zamanı Czuba Shahinə İsrail-Fələstin münaqişəsi ilə bağlı qəzəbli olduğunu bildirib və bu söhbətdən sonra bıçaqla hücuma keçib.