BAKI, TurkicWorld
Çində helikopter qəzası nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
TurkicWorld xəbər verir ki, Çinin şərqində yerləşən Jiangsu əyalətinin Suçjou şəhərində “Robinson R44 II” model helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib, dörd nəfər isə yaralanıb.
Yerli fövqəladə hallar idarəsinin açıqlamasına görə, hadisə yerli vaxtla saat 17:00 radələrində baş verib. Uçuşdan qayıdan helikopter təxminən 10 metr hündürlükdən yerə çırpılıb. Hadisə yerində olan bir şəxs ölüb, helikopterdəki dörd sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yaralıların həyatına təhlükə olmadığı bildirilib.
Jiangsu Mülki Aviasiya İdarəsi qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başladığını açıqlayıb.