70 yaşlı portuqal mütəxəssis Jorje Jezus Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Arena.az bu barədə “Əl-Hilal”ın mətbuat xidmətinə istinadən məlumat verir.
İstefaya səbəb Jezusun rəhbərlik etdiyi kollektivin Asiya Çempionlar Liqasının yarımfinalında Səudiyyə Ərəbistanı təmsilçisi, “Aypara”nın əsas rəqiblərindən biri “Əl-Əhli”yə 2:3 hesablı məğlubiyyəti olub.
Vurğulayaq ki, daha əvvəl Jezus mövsümün əsas tapşırığının məhz Asiya Çempionlar Liqasını qazanmaq olduğunu vurğulamışdı.
Hazırda “Əl-Hilal”ı müvəqqəti olaraq, ərəb mütəxəssis Məhəmməd Əl-Şalhub nəzarətinə götürüb. “Aypara”nın sükanı arxasına namizədlər arasında “Barselona”nın keçmiş baş məşqçisi, ispan mütəxəssis Xavi Ernandesin adı əsas namizəd olaraq çəkilir.
Xatırladaq ki, Jorje Jezus 2018-2019-cu illərdə də “Əl-Hial”ı çalışdırıb. Portuqal mütəxəssisin “Aypara”ya qayıdışı 2023-cü ilin iyul ayında baş tutub. Jezusun daha bir mövsümlük müqaviləsi vardı.
Ümumilikdə Jorje Jezus “Əl-Hilal”ı 120 oyuna çıxarıb, 96 qələbə, 14 heç-heçə, 10 məğlubiyyət yaşayıb. Top fərqi isə 342:114 nisbətindədir.
Jezus “Əl-Hilal”a Səudiyyə Ərəbistanı çempionluğunu (2023/2024), Səudiyyə Ərəbistanı Kubokunu (2023/2024), Səudiyyə Ərəbistanı Super Kubokunu (2018/2019, 2023/2024, 2024/2025) qazandırıb.
Portuqaliyalı məşqçi ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb. O, “Flamenqo”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Unian Leyriya”, “Moreyrense”, “Vitoriya Gimaraynş” kimi klublarda da baş məşqçilik edib. Jezus bir müddət Türkiyənin “Fənərbağça” komandasını da çalışdırıb.
Əlavə edək ki, təcrübəli mütəxəssisin Braziliya millisinin sükanı arxasına təyinat alacağı haqda şayiə var.