TBİLİSİ, 3 may. TELEQRAF
Gürcüstanda İŞİD-lə əlaqədə təqsirli bilinərək saxlanılan Azərbaycan vətəndaşı 41 yaşlı Caved Xudamovdur.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Məlumata əsasən, bugünkü məhkəmə iclasında ittiham tərəfi C.Xudamovun 2022-ci ildə Gürcüstana Türkiyədən “Sarpi” sərhəd-keçid məntəqəsindən başqa şəxsin pasportu ilə daxil olduğunu bildirib.
Müdafiə tərəfi isə bildirib ki, Azərbaycan vətəndaşı Gürcüstanda olduğu üç il müddətində heç bir qanunu pozmayıb. Vəkil Ceyhun Məmmədov təqsirləndirilən şəxsə qətimkan tədbiri kimi 5 min lari məbləğində girovun tətbiq edilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatəti təmin etməyərək həbs qətimkan tədbiri seçib. Vəkil qeyd edib ki, qərardan 48 saat ərzində apellyasiya şikayəti veriləcək.
C.Xudamov ifadəsində ittihamları rədd edərək ABŞ-dən idxal olunan avtomobillərin satışı ilə məşğul olduğunu bildirib.
İş üzrə məhkəmə öncəsi dinləmə iyunun 24-nə təyin olunub.